Şair, yazıçı və tərcüməçi Zahid Sarıtorpaq uzun illər üzvü olduğu Azərbaycan Yazıçılar Birliyi (AYB)-dən imtina etdiyini açıqlayıb.
Tribuna.az xəbər verir ki, 37 illik üzvlük təcrübəsinin ardından bu addımı atdığını bildirərək, qərarının üzvlük haqqı ilə bağlı olmadığını qeyd edib:
“Getməyim heç də üzvlük haqqı ödəməklə bağlı deyil, o cüzi məbləğdir, lazım bilsəydim, ödəyərdim. Səbəblər var, sadəcə, açıb-ağartmıram…”
Zahid Sarıtorpaq Tribuna.az-a açıqlamasında bildirib ki, sadəcə olaraq səbəblər var. Bu, heç də ödəniş söhbəti deyil. O ödəniş cuzi şeydir, ödəyərdim də, qalardım da. Bu barədə qurumun özünə də heç nə deməmişəm. Mən çıxmağımla bağlı Facebook-da yazıb paylaşdım. Məni qane etməyən bir təşkilatdır. 1989-cu ildən oranın üzvüyəm. Həmin tarixdən bəri SSRİ Yazıçılar Birliyinin üzvü olmuşam. Öz də 7 nəfərdən biri idim ki, ilk şeirlər kitabım və nəsr kitabım işıq üzü görmədiyi halda, SSRİ Yazıçılar Birliyinə qəbul edilmişdim. Oturub yazılarımı yazacağam. Kim nə fikirləşir, fikirləşsin. Orada yaxşı insanlar da var. Yamanlar da var ki, heç deyiləsi deyil.
Dəniz Pənahova









