“Teleqraf” Media Holdinqin rəhbəri Aynur Camalqızı özəl klinikada üzləşdiyi xoşagəlməz haldan narazı qalıb.
Tribuna.az xəbər verir ki, bu barədə Feysbuk səhifəsində yazan A. Camalqızı bildirib ki, göz müayinəsi üçün “Baku Medikal Plaza”dakı oftamoloq Emil Yusifovun yanına getdiyinə peşman olub:
“Gözlərimdə xeyli vaxtdır məni narahat edən ağrılar vardı. Qərara gəldim ki, yaxşı bir oftalmoloq tapım. Sosial mediada bu barədə yazdım. Feysbuk dostlarım sağ olsunlar, siyahı uzanıqca uzandı: həkim adları, klinikalar, əlaqə telefonları…
Siyahı böyüdükcə seçim etmək də çətinləşir. Çətin də olsa, birini seçdim: 28 May tərəfdə yerləşən “Baku Medikal Plaza”da işləyən oftalmoloq Emil Yusifovu.
2 gün əvvəldən vaxt götürdük. Hər şeyə mədəni, sistemli şəkildə riayət etdik, yəni öncədən yazıldıq.
Getdim. Getdim və klinikanın 5-ci mərtəbəsində qarşılaşdığım mənzərədən qorxdum. Həkimin qəbul otağının qarşısında ən azı 70 nəfər gözləyirdi. Bu növbə deyildi, xaos idi…
Bir anlıq dönüb geri qayıtmağı düşündüm. Amma dərhal yadıma düşdü ki, mənim randevum var!
Həkimin köməkçisinə yaxınlaşaraq adımı, saatımı söylədim. Son dərəcə laqeyd şəkildə gözləyən insanları göstərərək bircə kəlmə dedi: “Gözləyin”…
Əlacsız gözləməyə başladım, təxminən 40-45 dəqiqə, bəlkə də daha çox. Həmin müddətdə bir neçə dəfə həkimin yardımçısına yaxınlaşıb vaxtımın az olduğunu, başqa yerə tələsdiyimi bildirdim. Amma xeyri olmadı, assistentlər səbrimi sınağa çəkəcəklərinə “and” içmişdilər…
Nəhayət, “növbəm” çatdı. Qeydiyyatdan keçib ödəniş etdikdən sonra həkimin otağına buraxıldım…
İçəridə gördüyümsə məni daha çox təəccübləndirdi: həkim – Emil Yusifov çay içirdi! Və həddən ziyadə rahat idi, hətta məsuliyyətsizcəsinə rahat idi. Sanki kabinetin qarşısındakı onlarla insan onu gözləmirdi. Sanki həftəsonu deyildi, vaxt yalnız ona məxsus idi, vaxtın sahibi-yiyəsi o idi. Qalan adamlarsa detal idi, əhəmiyyətsiz, xırda bir detal və ya dekorasiya.
Onun yerində mən olsaydım, bu qədər insanı gözlətdiyimə görə, yəqin ki, həyəcandan, sarsıntıdan qəlb krizi keçirərdim. O isə tamamilə stressiz, güvənli, rahat, tələsmədən çay içirdi. Köməkçilərilə zarafatlaşa-zarafatlaşa borşa qatılan tərəvəzlərdən, sintetik vitaminlərin zərərindən, hətta bəzi vitaminlərin xərçəng xəstəliyi yarada biləcəyi ehtimalından danışırdı”.
Qarşı tərəfi dinləməyə hazırıq.
Nigar İxtiyarqızı










