Şuşanı Davos və Münhenlə nə birləşdirir?

Şuşanı Davos və Münhenlə nə birləşdirir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyada elə şəhərlər (Yalta, Davos, Münhen…) var, adı bir şəhəri ifadə etməklə yanaşı siyasi düşüncənin də ifadəsi olub, çox mühüm qərarları, hadisələri yada salır. Son illərdə isə Azərbaycan yeni bir siyasi-mənəvi ünvan formalaşdırmaqdadır – Şuşa!.
Artıq Şuşa Qarabağın tacı, Azərbaycanın mədəniyyət paytaxtı və Zəfərin rəmzi olmaqla birgə, beynəlxalq siyasi dialoqun, media diplomatiyasının və etibarlı fikir mübadiləsinin yeni platformasına çevrilməkdədir. IV Şuşa Qlobal Media Forumu bunu bir daha təsdiqlədi. Bir forum ardıcıl dördüncü dəfə keçirilirsə və belə deyək, getdikcə daha da zənginləşir, böyüyürsə, deməli, o foruma beynəlxalq təlabat vardır. Məhz bu amil Şuşa Qlobal Media Forumunun uğurunun səhih göstəricisidir.

Tribuna.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa IV Şuşa Qlobal Media Forumu ilə bağlı danışarkən deyib. O bildirib ki, bu Forumun mahiyyəti yalnız müxtəlif ölkələrdən jurnalistləri bir araya gətirməklə bitmir:

“Əslində, burada yeni dövrün siyasi kommunikasiya modeli formalaşır. Çağdaş dünyada informasiya artıq sadəcə xəbər olmaqdan çıxıb və o, təhlükəsizlik, iqtisadiyyat, diplomatiya, hətta dövlətlərin taleyini müəyyən edən strateji resurs sayıla bilər.

Prezident İlham Əliyevin Forum zamanı səsləndirdiyi fikirlər də məhz bu baxımdan xüsusi diqqət çəkirdi. Çıxışın əsas xəttini izlədikdə aydın görünür ki, Azərbaycan özünü artıq – haqlı olaraq – yalnız regionun iştirakçısı kimi görmür, regionun gələcəyinə təsir edən məsuliyyətli dövlət kimi təqdim edir. Bu yanaşma enerji təhlükəsizliyindən tutmuş nəqliyyat dəhlizlərinə, süni intellektdən yaşıl enerjiyə, beynəlxalq hüquqdan qlobal təhlükəsizlik məsələlərinə qədər bütün istiqamətlərdə özünü göstərir.

Əslində, son illərin Azərbaycanı haqqında ən doğru ifadələrdən biri “etibarlı dövlət” anlayışıdır. Çağdaş geosiyasətdə hərbi güc vacibdir, iqtisadi imkanlar vacibdir, lakin onlardan da vacibi məhz etimaddır. Dövlətlər – özəlliklə də müstəqilliyini bizimlə eyni dönəmdə bərpa etmiş dövlətlər yalnız güclü olduqları üçünmü seçilir? – Əsla, yox! – Dövlətlər sözlərinə inanıldığı üçün tərəfdaş seçilir.

Bu gün Azərbaycan həm Şərqlə Qərb arasında, həm Şimalla Cənub arasında etibarlı körpü rolunu oynayır. Burada söhbət təkcə coğrafiyadan getmir, əlbəttə. Əsas məsələ siyasi etibardır. Elə buna görə də müxtəlif beynəlxalq aktorlar Azərbaycanı dialoq məkanı kimi qəbul edir”.

F.Mustafa bildirib ki, Şuşa Forumunun diqqətçəkən tərəflərindən biri də media anlayışına yeni baxışdır:
“XX yüzildə media hadisələri işıqlandırırdı; XXI yüzildə isə media artıq hadisələrin iştirakçısıdır. Dezinformasiya ilə həqiqətin mübarizəsi bəzən hərbi qarşıdurmalardan daha ciddi nəticələr doğurur. Belə bir dövrdə həqiqətin beynəlxalq auditoriyaya çatdırılması dövlət siyasətinin ayrılmaz hissəsinə çevrilir.

Azərbaycan bunu Qarabağın qurtuluşu məsələsində də sübut etdi. Uzun illər ölkəmiz hərbi meydanla bərabər informasiya meydanında da müharibə apardı. Bu gün isə Şuşada keçirilən beynəlxalq media forumları həmin həqiqətin dünyaya birbaşa göstərilməsi baxımından çox önəmlidir. Qonaqlar artıq həm eşidir, həm də görür: dağıdılmış şəhərləri də, bərpa olunan yaşayış məntəqələrini də, qayıdan həyatı – “Böyük Qayıdış”ı da…

Diqqət çəkən başqa bir məqam isə Azərbaycanın öz xarici siyasətini getdikcə daha çox məsuliyyət fəlsəfəsi üzərində qurmasıdır. Dünyanın müxtəlif bölgələrində gərginliklərin artdığı, beynəlxalq hüququn tez-tez selektiv tətbiq olunduğu bir zamanda Azərbaycan beynəlxalq hüququ universal meyar kimi müdafiə edir. Bu yanaşma təkcə milli maraqların deyil, uzunmüddətli regional sabitliyin də təminatıdır.

Bu gün Şuşada səslənən fikirlər göstərdi ki, Azərbaycanın inkişaf modeli artıq yalnız iqtisadi yüksəliş modeli kimi qəbul edilməməlidir. Burada siyasi müstəqillik, milli iradə, informasiya təhlükəsizliyi, mədəni diplomatiya və geosiyasi məsuliyyət vahid strategiyanın tərkib hissəsinə çevrilmişdir.
Mənə görə, IV Şuşa Qlobal Media Forumunun ən böyük nəticəsi də məhz budur. Forum göstərdi ki, Şuşa Zəfərin simvolu olduğu kimi, yeni siyasi düşüncənin də ünvanıdır.

Vaxtilə Şuşanı azad etməklə tarix yazdıq. İndi isə həmin Şuşadan dünyaya baxaraq gələcəyin siyasi mətnini yazırıq.
Bu isə artıq regionun yeni geosiyasi gerçəkliyidir. – Azərbaycan dövlətinin, qüdrətli xalqına, şanlı ordusuna arxalanan Müzəffər Ali Baş Komandanın yaratdığı gerçəkliyin!”.

Gülşən Rəsul