Sumqayıt Teatrı “Cəsur” tamaşası ilə teatr mövsümünü başa vurub

Sumqayıt Teatrı “Cəsur” tamaşası ilə teatr mövsümünü başa vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt Dövlət Dram Teatrında rus dramaturqu Lev Ustinovun “Xilaskar qurbağa” əsəri əsasında səhnələşdirilmiş “Cəsur” adlı uşaq tamaşası nümayiş olunub.

Teatrdan Tribina.az-a bildirilib ki, tamaşanın quruluşçu rejissoru Fuad Kazımov, rejissoru Ləman Məmmədli, quruluşçu rəssamları Osman Salmanov, Arif Müzəffər, Nizami Dadaşev, musiqi tərtibatçısı Telman Qəniyev, rəqslərin quruluşçusu Kamil Ağazadə, rejissor köməkçisi isə Fazilə Rzayevadır. Əsərin Azərbaycan dilinə tərcüməsi Xalq artisti Firudin Məhərrəmova məxsusdur.

Səhnə əsərində obrazları aktyorlar Məryəm Hüseynli, Sevda Cəlilova, İlham Səfərli, Habil Xanlarov, Şəms Abdullayeva və Günəş Bağırova canlandırıblar.

Səhnə əsəri dostluq, cəsarət, mərhəmət və ədalət kimi ümumbəşəri dəyərləri təbliğ edən alleqorik nağıl motivləri əsasında hazırlanıb.

Tamaşada hadisələr meşədə cərəyan edir və süjet xəttinin mərkəzində ağıllı Qurbağa ilə qorxaq Dovşanın səmimi dostluğu dayanır. Hadisələrin gedişində meşənin hökmdarı Şir heyvanlardan qurban tələb edir və bu, vəziyyəti daha da gərginləşdirir. Hiyləgər Tülkünün qurduğu oyunlar nəticəsində Dovşan ciddi təhlükə ilə üz-üzə qalır. Lakin Qurbağa öz ağlı, cəsarəti və çevik düşüncəsi sayəsində hazırladığı planla dostunu təhlükədən qurtarır, nəticədə xeyir şər üzərində qələbə qazanır, ədalət bərpa olunur.

Beləliklə teatr “Cəsur” tamaşası ilə 57-ci teatr mövsümünü uğurla başa vurub.