Subbakalavrlar ali təhsil ala bilməyəcək? – RƏSMİ

Subbakalavrlar ali təhsil ala bilməyəcək? – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəbul qaydalarında edilən son dəyişikliklər bir qrup subbakalavrın narazılığına səbəb olub.

Tribuna.az xəbər verir ki, oxu.az-a müraciət edən subbakalavrlar bildirirlər ki, bu il tətbiq olunan yeniliklər onların ali təhsil müəssisələrinə qəbul şansını əhəmiyyətli dərəcədə azaldır.

Subbakalavrların sözlərinə görə, 150 balla qəbul aparılan ixtisasların sayının artırılması nəticəsində subbakalavrların müsabiqədə iştirak etdiyi vakant plan yerlərinin sayı azalacaq.

“Xüsusilə I və II ixtisas qrupları üzrə bəzi ixtisasların 150 ballıq ixtisaslar sırasına daxil edilməsi subbakalavrların, əsasən də II ixtisas qrupu üzrə məzunların universitetlərə imtahansız qəbul imkanlarını azaldıb. Universitetlərə qəbulun əsas prinsipi bütün namizədlərin eyni meyarlarla qiymətləndirilməsinə əsaslanmalıdır. Biz də gecə-gündüz oxumuşuq, imtahanlardan keçmişik, kollec bitirmişik və gələcəyimizi qurmaq üçün ali təhsil almaq istəyirik. Bəs bizim günahımız nədir? Niyə subbakalavrların təhsilini davam etdirmək arzusu bu qədər asanlıqla gözardı edilir?” – deyə müraciətdə qeyd olunub.

Subbakalavrlar deyirlər ki, qəbul şansının azalması gənclərin təhsilə marağını zəiflədə və illərlə çəkilən zəhməti mənasızlaşdıra bilər.

Müraciətdə qeyd olunur ki, subbakalavrlar ali təhsil müəssisələrinə yalnız vakant plan yerləri üzrə qəbul olunduqları üçün yeni qaydalar onların vəziyyətini daha da çətinləşdirir.

Onların iddiasına görə, xüsusilə dövlət universitetlərində İT və mühəndislik istiqamətləri üzrə subbakalavr qəbulu da məhdudlaşdırılıb.

“Biz 3 il kollec təhsili alırıq, ixtisasımız üzrə nəzəri və praktik biliklər qazanırıq, yüksək ümumi orta müvəffəqiyyət göstəricisi toplamaq üçün çalışırıq. Amma sonda öz ixtisasımız üzrə ali təhsil almaq imkanımız məhdudlaşdırılır. Əgər subbakalavrların öz ixtisası üzrə ali təhsil almasına şərait yaradılmayacaqsa, bəs kolleclərin məqsədi nədir?” – müraciətdə vurğulanır.

Subbakalavrlar heç kimə üstünlük verilməsini istəmədiklərini, yalnız ədalətli yanaşma tələb etdiklərini bildirirlər.

Onlar təklif edirlər ki, subbakalavrlar üçün ayrıca plan yerləri ayrılmalı, abituriyentlər və subbakalavrlar ayrı-ayrı müsabiqələrdə iştirak etməlidirlər.

Bakıvaxtı.az-ın xəbərinə görə, Dövlət İmtahan Mərkəzindən (DİM) oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalara uyğun həyata keçirilir.

Qeyd olunub ki, subbakalavrlar əvvəlki qaydada qəbul imtahanlarında iştirak etmədən də ali təhsil müəssisələrinə müsabiqə yolu ilə qəbul olmaq hüququna malikdirlər:

“Qaydalara əsasən, ixtisas seçimi zamanı Nazirlər Kabineti tərəfindən müəyyən edilən ali təhsil müəssisələrinin ixtisasları üzrə qəbul planı çərçivəsində əvvəlcə abituriyentlərin, daha sonra isə subbakalavrların müsabiqə əsasında yerləşdirilməsi aparılır. Bundan əlavə, qəbul imtahanında iştirak edən subbakalavr öz istəyindən asılı olaraq həm imtahanda topladığı balla abituriyent kimi ümumi qaydada, həm də qəbul imtahanında iştirak etmədən, orta ixtisas təhsili pilləsində bitirdiyi ixtisasa uyğun ali təhsil müəssisələrinin ixtisasları üzrə subbakalavr kimi keçirilən müsabiqədə iştirak edə bilər”.