Qış aylarında xüsusilə bölgələrdəki məktəblərin sinif otaqlarını qızdırmaq üçün bu ildən quraşdırılan pelet sobalarının ciddi təhlükə yaratdığını göstərən video yayılıb.
Tribuna.az xəbər verir ki, sobanın təhlükəsi barədə videonu müəllim Hamlet Dadaşov paylaşıb. O qeyd edib ki, məktəblilər pelet sobalarının yaratdığı təhlükə ilə üz-üzə qalıb:
“Artıq demək olar ki, ölkənin bütün məktəblərində videoda gördüyünüz bu pelet sobalarından istifadə olunur. Onun yanması üçün daha çox oksigenə ehtiyac var. Təsəvvür edirsiz, bu göz görə-görə şagirdləri potensial məhvə aparır. Yanarkən otağın havasını ağırlaşdırmaqla yanaşı, adamda başağrısı, ürəkbulanma, halsızlıq, boğulma halları yaradır.
Həm müəllimlərin, həm də şagirdlərin orqanizmində hansı fəsadlar törədəcəyi yəqinki nə vaxtsa biruzə verəcək.
Bunlarla yanaşı bu sobalara təhlükəsizlik cəhətdən heç də etibar etmək olmaz. Çünki içərisindən sıçrayıb döşəməyə düşən pelet közləri hər an yanğın təhlükəsi yarada bilər. Dərs məşğələsi zamanı çəkdiyim video da bunu deməyə əsas verir…
Bu məsələ qısa zamanda öz həllini tapmalıdır. Əks halda ciddi fəsadların baş verəcəyi qaçılmazdır”.
Digər müəllimlər də spzügedın sobanın təhlükəsini qeyd ediblər. Müəllimə Rəqsanə Həsənova bildirib ki, sobanln çox pis iyi var:
“Adamın ürəyi bulanır, başı ağrıyır. Odun peçi bundan yaxşı idi. Qızınmadıq istisinə, kor olduq tüstüsünə”.
Müəllim Amil Dadaşov da deyilənlərə qoşulub:
“İnsana çox pis təsir edir. Sinifdə çox ağır hava olur. Uşaqlar tez-tez narahat olur və sinfi tərk etmək məcburiyyətində qalırlar”.
Qeyd edək ki, pelet sobalarından dekabr ayında Salyan məktəblərinin birində kütləvi zəhərlənmə də baş vermişdi.
Sözügedən sobalar məktəblərə bu ildən quraşdırılıb.
Gülşən Rəsul











