Sevgilisini bıçaqlayan qısqanc qadın məhkəmə zalından azadlığa buraxıldı

Sevgilisini bıçaqlayan qısqanc qadın məhkəmə zalından azadlığa buraxıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Gülşad Ömərova (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib, Gülşad Ömərova dərhal məhkəmə iclas zalında azadlığa buraxılıb.

İttiham aktına əsasən, Gülşad Ömərova 19 sentyabr 2025-ci il tarixdə saat 11 radələrində yaşadığı Bakı şəhəri, Sabunçu rayonunda yerləşən nömrəsiz fərdi yaşayış evində şəxsi münasibətlər zəminində qeyri-rəsmi ər-arvad münasibətində olduğu zərərçəkmiş Firuz Baxışovla (adı, soyadı şərtidir) aralarında baş vermiş mübahisə zamanı onu qəsdən mətbəx bıçağı ilə bir dəfə vurub. Nəticədə zərərçəkmiş şəxsə döş qəfəsinin sağ yarısının arxa səthindən sağ döş boşluğuna nüfuz edən, insan həyatı üçün təhlükəli olan deşilmiş-kəsilmiş yara yetirilib. Sözügedən xəsarətlər qəsdən sağlamlığa ağır zərər vurma kimi qiymətləndirilib.

Məhkəmə baxışı zamanı Gülşad Ömərova Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində deyib ki, zərərçəkmiş şəxslə aralarında mübahisə yaranıb, evdən getmək istəsə də, Firuz buna icazə verməyib.

Onun sözlərinə görə, əlində bıçaq olub və Firuzu qorxutmaq istəyib, lakin ehtiyatsızlıq nəticəsində bıçaq zərərçəkmiş şəxsə batıb. Təqsirləndirilən şəxs Firuzu qəsdən vurmadığını, törətdiyi əməldən peşman olduğunu bildirib.

O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək qeyd edib ki, zərərçəkmiş şəxslə münasibətləri əvvəl normal olub, aralarında bu hadisəyə qədər hər hansı zorakılıq baş verməyib. Mübahisənin səbəbinin qısqanclıq olmadığını, telefon istifadəsi ilə bağlı anlaşılmazlıq yarandığını deyib.

Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Firuz Baxışov ifadəsində Gülşad Ömərovanı tanıdığını, aralarında qeyri-rəsmi ər-arvad münasibətinin olduğunu və mübahisə zamanı bıçaq xəsarəti aldığını təsdiqləyib. O, mübahisənin qısqanclıq zəminində yarandığını, lakin təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbinin olmadığını, onunla barışdıqlarını bildirib.

Zərərçəkmiş şəxs həmçinin qeyd edib ki, Gülşad Ömərova həbsdə olduğu müddətdə onunla görüşməyə cəhd edib və gələcəkdə təqsirləndirilən şəxs rəsmi boşandıqdan sonra onunla rəsmi nikah bağlamağı planlaşdırırlar.