Sərnişinlərdən ADY-yə ETİRAZ: Sərnişinlər kart problemi ilə üzləşir – Foto

Sərnişinlərdən ADY-yə ETİRAZ: Sərnişinlər kart problemi ilə üzləşir – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bank kartı ilə ödəniş sistemindən istifadə edən sərnişinlər “Azərbaycan Dəmir Yolları”ndan narazıdır. Müştərilər ADY-nin elektron sisteminin bədbad vəziyyətdə olduğunu bildirir.

Tribuna.az xəbər verir ki, şikayətçi olan Sumqayıt–Bakı qatarlarından istifadə edən Ülvi Sənani bildirir ki, ödənişlərin kartdan gec çıxılması sərnişinlər üçün problem yaradır.
Şikayətçinin sözlərinə görə, metro və avtobuslarda belə problem heç vaxt yaşanmır, ancaq dəmir ollarında vəziyyət pisdir:

“Qatar turniketlərində ödəniş digər nəqliyyat növlərindən fərqli olaraq dərhal tutulmur. Sumqayıt–Bakı qatarından istifadə edəndə bank kartımda həmin an pulun olduğunu nəzərə alıram və turniketdən keçirəm. Amma ADY sistemində ödəniş dərhal çıxılmır, bəzən günün sonunda və ya bir gün sonra tutulur. Bu müddətdə kartda pul olmadıqda isə ödəniş alınmır və kart avtomatik olaraq ‘qara siyahı’ya düşür”.
Onun sözlərinə görə, bu halda sərnişin növbəti səfərdə kartdan istifadə edə bilmir və bu da gecikmələrə səbəb olur:
“Növbəti dəfə qatardan istifadə etmək istəyəndə kartım işləmir. Gözləməli oluram ki, nə vaxt sistem kartdan pulu çıxacaq. Bu isə işə və ya vacib görüşə gecikməyə səbəb ola bilər”.
Ülvi Sənani qeyd edir ki, oxşar ödəniş sistemi Bakı Metropoliteni və avtobuslarda daha operativ işləyir və vəsait bir neçə dəqiqə ərzində kartdan çıxılır.
“Stansiya əməkdaşları deyir ki, bu onların problemi deyil və əlavə tətbiqdən istifadə etməliyik. Amma sistem bank kartı ilə ödəniş üçün qurulubsa, sərnişin ondan problemsiz istifadə edə bilməlidir”, – deyə şikayətçi bildirib.
O həmçinin əlavə edib ki, iki il əvvəl eyni səbəbdən turniketdə bloklanan bank kartı hələ də sistemdə deaktiv olaraq qalır, halbuki kart digər ödənişlərdə normal işləyir.

Xatırladaq ki, bu problemlə tək sözü gedən şikayətçi üzləşməyib. Problemini sosial şəbəkədə ictimailəşdirən Ülvi Sənanın postuna bu üslubda şikayətlər yazılıb. Məlum olub ki, əksər sərnişinlər ADY-nin həll etmədiyi bu problmdən əziyyət çəkir.

Qarşı tərəfi dinləməyə hazırıq.

Gülşən Rəsul