Ermənistanda mənzillənmiş separatçılar yenə nağıl uydurmağa başlayıblar.
Tribuna.az xəbər verir ki, yeni ilin ilk günündə artıq bununla bağlı ilk “ulaşma”ları müşahidə olunur.
Belə ki, separatçı Hovannes Gevorqyan iddia edib ki, onlar Bakıda mühakimə olunan terrorçu Ruben Vardanyanın çıxışlarından “vəcdə” gəliblər. O bildirib ki, guya, Vardanyan öz “mübarizəsi” ilə onlara “örnək” olmaqla yanaşı, həm də Qarabağa “qayıdış” üçün ciddi “stimul” verib. “Qarabağ olub, indi də var və olacaq. Ruben Vardanyanın Azərbaycan həbsxanasında olarkən dediyi bu sözlər eyni zamanda inam və ümid ifadə edir. Biz mübarizəmizi davam etdirəcəyik”.
Qondarma “dqr”in qondarma “spikeri” Aşot Danelyan isə öz müraciətində yazıb ki, guya, Qarabağ onları gözləyir. “Qarabağ bizi gözləyir. Heç bir qüvvə Qarabağa qayıtmaq hüququmuzu əlimizdən ala bilməz. Qayıdış tələbi şüurumuzda və milli gündəmdə olduğu müddətcə, mübarizəmizin əsas istiqaməti olaraq qalacaq”.
P.S. Separatçılar özlərinə təsəlli verirlər ki, nə vaxtsa Qarabağa qayıdacaqlar. Amma unudurlar ki, o qatar artıq gedib. Və Azərbaycan dövləti bir daha Qarabağda separatçılığa və terrorçuluğa imkan verməyəcək. Bu fikirdə olanlara da lazım olan cavabı verəcək. Necə ki, 44 günlük müharibə ilə bunun nümunəsini ortaya qoyub.
Fikrət Fəraməzoğlu









