İranda məlum hadisələrdənm sonra qətliamın əsas iştirakçısı olmuş SEPAH və Bəsicdə çatlar əmələ gəlməyə başlayıb. Tribuna.az xəbər verir ki, son olaylara etiraz olaraq xeyli sayda zabit və Bəsic üzvü istefa verib və əməkdaşlıqlarını dayandırıblar.
Lakin əsas proses SEPAH-ın rəhbərliyində gedir. Belə ki, nüfuz və pul bölgüsündə anlaşa bilməyən generallar bir-birilərini “yeməyə” başlayıblar. Ötən gün SEPAH-ın Qüds qoşunlarının komandanı İsmayıl Qaani gizli şəkildə neft satmaqda və 700 milyon dollar mənimsəməkdə ittiham edilib. Bununla bağlı onun SEPAH-ın Kəşfiyyat Təşkilatının rəhbəri Məcid Xademi tərəfindən dindirildiyi də məlum olub.
Məsələnin kritik tərəfi odur ki, Qaani təcili olaraq İranın dini lideri Əli Xamineyi ilə görüşmək istəyib. Lakin ona rədd cavabı verilib. Bildirilib ki, Xamineyi onunla görüşməkdən imtina edib.
Qüds qoşunlarının komandanı şübhəsiz ki, səbəbsiz yerə Xamineyi ilə görüşmək istəməyib. O, həm özünə bəraət qazandırmaq fikrində olub, həm də mümkün həbsini önləməyə cəhd etmək istəyib. Və gedişat belə deməyə əsas verir ki, İsmayıl Qaani yaxın vaxtlarda həbs oluna bilər.
Fərda Uğur









