İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın Yaxın Şərqdə yerləşən hərbi obyektlərinə genişmiqyaslı raket zərbələri endirdiyini bəyan edib.
“Tasnim” agentliyinin yaydığı SEPAH bəyanatında bildirilir ki, əməliyyat ABŞ-ın gecə saatlarında İranın Hörmüzqan vilayətindəki sahilyanı hərbi bazalara və Məhşəhr şəhərindəki mülki obyektlərə endirdiyi zərbələrə cavab olaraq həyata keçirilib.
SEPAH-ın iddiasına görə, əməliyyat zamanı ABŞ-ın regiondakı əsas hərbi bazalarında yerləşən 85 obyekt hədəfə alınıb. Zərbələrin Bəhreyndə ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının məsuliyyət zonasında yerləşən Salman limanına, eləcə də Küveytdəki Əli əl-Səlim aviabazasına endirildiyi bildirilib.
Bəyanatda həmçinin qeyd olunub ki, əməliyyat zamanı İranın zərbə vasitələrini ələ keçirməyə çalışan ABŞ-a məxsus MQ-9 Reaper kəşfiyyat-zərbə pilotsuz uçuş aparatı vurulub.
SEPAH ABŞ-ın son hücumlarını İranın keçmiş ali dini lideri Əli Xameneinin xatirəsinə keçirilən matəm mərasimlərini pozmağa cəhd kimi qiymətləndirib və bildirib ki, bu əməliyyat ABŞ-ın “təcavüzünə ilkin cavabdır”.









