Səhiyyə naziri də gedir? – AÇIQLAMA

Səhiyyə naziri də gedir? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səhiyyə sistemində aparılan yoxlamalar və son kadr dəyişiklikləri fonunda ictimaiyyətdə bir sıra suallar yaranıb. Belə ki, dünən Vüqar Qurbanov “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) icraçı direktoru vəzifəsindən azad olunub. Xüsusilə mümkün maliyyə pozuntuları ilə bağlı iddialar gündəmdədir. Səhiyyə nazirinin də işdən azad edilməsi barədə iddialar səsləndirilir.

Əgər belə faktlar rəsmi şəkildə aşkarlanarsa, hüquqi məsuliyyət və prosedur necə olacaq?

Məsələ ilə bağlı Tribuna.az-a açıqlama verən hüquqşünas-vəkil Ruslan Mustafazadə bildirib ki, ümumiyyətlə, son zamanlarda TƏBİB-in fəaliyyəti ilə bağlı sosial şəbəkələrdə kifayət qədər müzakirələr aparılır.

Hüquqşünasın sözlərinə görə, fərdi yanaşılsa, əksər müzakirələr şikayətlər və narazılıqlar üzərindədir. Yəni, müəyyən etmək mümkündür ki, vətəndaşların əksəriyyəti TƏBİB-in fəaliyyətindən narazıdırlar.

“Mən düşünürəm ki, hal-hazırda aparılan kadr islahatları məhz cəmiyyətdə, vətəndaşlar arasında olan TƏBİB-ə yaranmış inamsızlığın, etibarsızlığın aradan qaldırılmasına, TƏBİB-in daha yaxşı fəaliyyət göstərməsinə hesablanan bir addımdır. Təbii olaraq, TƏBİB-in tərkibində müəyyən vəzifəli şəxslər tərəfindən qanunların pozulması ilə bağlı iddialar da kifayət qədər çox səslənir. Amma bu iddiaların həqiqiliyi müvafiq hüquq-mühafizə orqanları tərəfindən aparıla bilən istintaqın nəticəsində müəyyən edilə bilər. Bizdə geniş ictimaiyyətdə də TƏBİB-dəki vəzifəli şəxslərin, yaxud da Səhiyyə Nazirliyindəki vəzifəli şəxslərin fəaliyyəti ilə bağlı hər hansısa bir istintaqın aparılıb aparılmaması ilə bağlı məlumat yoxdur. Amma belə iddialar səslənirsə, ola bilər ki, bu iddialara əsaslanaraq hüquq-mühafizə orqanları həmin iddiaların həqiqiliyinin müəyyən edilməsi üçün araşdırmalara başlaya bilərlər. Adətən, bu iddialar öz təsdiqini tapdığı təqdirdə, istintaq orqanı tərəfindən həmin vəzifəli şəxslərə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müəyyən maddələri var ki, əksər hallarda məsələn, həmin maddələrlə həmin şəxslər ittiham olunurlar. Bu maddələr Cinayət Məcəlləsinin 308-ci maddəsidir. Yəni, vəzifə səlahiyyətlərindən sui-istifadə etmək, 309-cu maddədə vəzifə səlahiyyətlərini aşmaqdır. Bəzi hallarda rastlaşırıq ki, 310-cu maddədə müəyyən şəxslərə ittiham kimi verilir. Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmədir. Yəni, bir vəzifəli şəxs digər vəzifəli şəxsin vəzifələrini icra etməyə, mənimsəməyə çalışır. Həmçinin, 311-ci maddədə rüşvət alma da ittihamda öz əksini tapır. Bəzi hallarda 313-cü maddədə vəzifə saxtakarlığı ilə bağlı iddialarla da biz rastlaşırıq. Yəni, vəzifəli şəxslərin fəaliyyətində buraxdıqları nöqsanlarla bağlı və qəsdən törətdikləri cinayətlərlə əlaqədar olaraq əsasən yuxarıda qeyd etdiyim maddələrlə ittihamlar irəli sürülə bilər. Təbii olaraq ittihamın irəli sürülməsi həmin əməlin baş verməsini təsdiq etmir. Yalnız istintaqın yekununda ittiham aktı məhkəməyə təqdim olunur və məhkəmə istintaqı həyata keçirilir. Və məhkəmə hökmü çıxarıldıqdan və qanun qüvvəyə mindikdən sonra artıq həmin şəxslərin bu əməlləri törətdikləri təsdiqini tapır. Hətta, məhkəmənin qəbul etdiyi hökm belə, qanun qüvvəyə minməyənə qədər həmin şəxslərin bu cinayəti törətdiklərini iddia etmək düzgün deyil. Çünki Azərbaycan Respublikasının Konstitusiyasında təqsirsizlik prezumpsiyası deyilən maddə var ki, həmin maddənin tələblərinə görə, şəxsin cinayət törətməsi ilə bağlı qanun qüvvəyə minmiş, məhkəmə hökmü olmayana qədər həmin şəxs cinayətkar hesab edilə bilməz”.

Dəniz Pənahova