“Şəhidin adı ətrafında mülk davası aparmaq ona hörmətsizlikdir” – Deputat

“Şəhidin adı ətrafında mülk davası aparmaq ona hörmətsizlikdir” – Deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəhidin yadigarları, ailəsi bu şərəfli adı qorumağa borcludur. Şəhidin adı ətrafında mülk və pul davasının olması həmin şəhidə hörmətsizlikdir. İstər şəhidin və ya qazinin xanımı, istərsə də valideynləri hər addımda bu adı uca tutmağa, qorumağa çalışmalıdırlar.

Bu sözləri Tribuna.az-a millət vəkili Fazil Mustafa şəhid ailələrində yaşanan mülk mübahisələri ilə bağlı danışarkən deyib.

Deputat bildirib ki, bu gün ailələrdə baş verən ev və müavinət üstündəki mübahisələr təkcə şəhid ailələrində yaşanmır:

“Məhkəmələrdə yüzlərlə belə iş var. Bacı ilə qardaş, ana ilə oğul arasında mülk davaları, hətta ölümlə nəticələnən hadisələr baş verir. Bu, artıq cəmiyyətimizin probleminə çevrilməkdədir.

Əgər bu gün şəhid xanımı ilə şəhidin valideynləri arasında dövlət tərəfindən verilən ev və ya müavinətlə bağlı mübahisə yaşanırsa, burada qanun aciz qalır. Bu artıq mədəniyyət məsələsidir. Sırf mənəvi yanaşma tələb edən bir məsələdir.

Kimsə şəhidin hesabına müəyyən imtiyaz sahibi olanda, həmin imkanların mənbəyini unudursa, deməli, şəhidin adına layiq davranmır.

Mən onlarla qazi tanıyıram ki, heç vaxt hay-küy salaraq haqqı çatanı əldə etməyə çalışmayıb. Birinci Qarabağ müharibəsində döyüşmüş çox sayda qazimiz var ki, onlar nə ev, nə də başqa imtiyazlar üçün səslərini qaldırıblar.

Ancaq elələri də var ki, adları müxtəlif qalmaqallarda hallanır, qazi və ya şəhid adından istifadə edirlər.

Şəhid ailələri də, qazilər də dövlətin onlara göstərdiyi dəstəyi öz aralarında mülk və pul davasına çevirməməlidirlər. Səbəb nə olursa-olsun, bu, şəhidin adına hörmətsizlikdir.

Xüsusilə belə ailələr bu məsələyə həssas yanaşmalıdırlar. Buna yol vermək olmaz.
Şəhidin yadigarları, ailəsi bu şərəfli adı qorumağa borcludur.

Şəhidin adı ətrafında mülk və pul davasının olması həmin şəhidə hörmətsizlikdir. İstər şəhidin, istərsə də qazinin xanımı və valideynləri hər addımda bu adı uca tutmağa, qorumağa çalışmalıdırlar”.

Nigar İxtiyarqızı