İsmayıllı rayonundan olan bir qrup şəhid ailəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.
Tribuna.az-ın xəbərinə görə, müraciətdə uzun illər Azərbaycan Ordusunda xidmət etmiş, polkovnik-leytenant rütbəsinədək yüksəlmiş Əlişir Süleymanovla bağlı xahiş irəli sürülüb.
Müraciət həmçinin Birinci vitse-prezident Mehriban Əliyevaya, Ali Məhkəmənin sədri İnam Kərimova və Baş prokuror Kamran Əliyevə də göndərilib.
Şəhid ailələrinin müraciətində bildirilir ki, Əlişir Süleymanov 1992-ci ildən etibarən hərbi xidmətə başlayıb, 2016-cı ildə ehtiyata buraxılıb. Xidmət illəri ərzində müxtəlif vəzifələrdə, o cümlədən ön cəbhədə xidmət edib, bir sıra hərbi əməliyyatların iştirakçısı olub. O, “Qüsursuz xidmətə görə” 3-cü və 2-ci dərəcəli medallarla, eləcə də 2019-cu ildə “Fədai” medalı ilə təltif edilib.
Qeyd olunur ki, hərbi xidmətdən sonra da ictimai fəallığını davam etdirən Əlişir Süleymanov 2021-ci ildə İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə icra hakimiyyəti başçısının nümayəndəsi vəzifəsinə təyin edilib və bu vəzifədə çalışdığı dövrdə şəhid ailələri və müharibə iştirakçılarına daim dəstək göstərib. Xüsusilə 2020-ci il Vətən müharibəsi zamanı və sonrakı mərasimlərdə fəal iştirak etdiyi vurğulanır.
Müraciətdə bildirilir ki, 2024-cü ildə Əlişir Süleymanov barəsində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi açılıb və hazırda iş Şəki Ağır Cinayətlər Məhkəməsində baxılır. Şəhid ailələri onun ailəli olduğunu, üç qız övladı olduğunu, səhhətində ciddi problemlər mövcud olduğunu və uzun müddətdir xəstəliklərdən əziyyət çəkdiyini də diqqətə çatdırıblar.
Şəhid valideynləri müraciətdə dövlətə və torpaqlara xidmət etmiş, sağlamlığını itirmiş bir zabitə humanist yanaşma göstərilməsini xahiş edərək, müvafiq qurumlardan məsələni nəzərə almalarını istəyiblər.
Müraciətin sonunda sənədi imzalayan şəhid ailələrinin adları qeyd olunub və şəhid ailəsi üzvü vəsiqələrinin surətlərinin əlavə edildiyi bildirilib.
Müraciəti imzalayanlar arasında:
Şəhid Ruslan Tağıyevin anası və atası
Şəhid Sübhi Mürsəliyevin anası
Şəhid Taleh Qəmbərlinin atası
Şəhid Tural Şıxzadzənin anası
Şəhid Aqil Mirzəliyevin anası yer alır.
Dəniz Pənahova









