Bakının Səbail rayonunda gecə saatlarında aparılan tikinti işləri sakinlərin narazılığına səbəb olub.
Tribuna.az xəbər verir ki, bu barədə sakinlər məlumat yayıb.
Sakinlər bildirib ki, Badamdar qəsəbəsi, 3-cü massiv, 34-cü küçə ilə 33-cü küçənin 25-ci küçə adlanan əraziyə yaxın hissəsində yaşayan sakinlər son üç gündə gecə saatlarında aparılan tikinti işlərindən ciddi narahatlıq keçirirlər.
Sakinlərin sözlərinə görə, yaşayış evlərinin yaxınlığında gecə saat 22:00-dan başlayaraq səhər saatlarınadək ağır texnikalar işləyir, torpaq qazılır və beton tökülür.
Səs-küy səbəbindən vətəndaşlar gecələr istirahət edə bilmirlər.
“Biz burada 25-30 ildir yaşayırıq. Bu ərazidə xeyli sayda fərdi yaşayış evi var. Üç gecədir normal istirahət edə bilmirik. Gecə saat 10-dan səhərə qədər texnikalar işləyir, torpaq qazılır, beton tökülür. Yaşlılarımız, azyaşlı uşaqlarımız var. Bizim də yaşamağa, dincəlməyə haqqımız var. Bu səs-küyə nə vaxta qədər dözməliyik?” – deyə sakinlər narazılıqlarını bildiriblər.
Şikayətçilər arasında gündüz işləyən və axşam evə qayıtdıqdan sonra dincəlmək istəyən şəxslərlə yanaşı, yaşlı insanların və azyaşlı uşaqların da olduğu vurğulanıb.
Sakinlər gecə saatlarında aparılan tikinti işlərinin yaratdığı səs-küylə bağlı aidiyyəti qurumlardan məsələyə müdaxilə etmələrini və problemin həllinə nail olunmasını tələb edirlər.
Gülşən Rəsul









