Saleh Məmmədov getdi: Bəs, AAYDA-da nə dəyişdi?- ARAŞDIRMA

Saleh Məmmədov getdi: Bəs, AAYDA-da nə dəyişdi?- ARAŞDIRMA  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) rəhbər dəyişikliyindən sonra cəmiyyətdə əsas gözlənti yalnız bir şəxsin vəzifədən getməsi deyildi. Uzun illər ərzində formalaşan idarəçilik modelinin, kadr siyasətinin və dövlət satınalmaları sisteminin dəyişməsi idi. Lakin son aylarda baş verənlər göstərir ki, əvvəlki dövrdən qalan bir sıra suallar hələ də cavabsızdır.

Qeyd edək ki, Vüsal Nəsirlinin AAYDA-nın İdarə Heyətinin sədri təyin edilməsindən sonra qurumda kadr dəyişiklikləri aparılsa da, əvvəlki dövrdə formalaşdığı iddia olunan əlaqələr və mexanizmlər toxunulmaz qalırsa, o zaman dəyişikliklərin nə dərəcədə sistemlidir?

Görünən odur rəhbər formal dəyişib, amma “uzun əli” AAYDA-nı kənardan idarə edir.

Etibarlı mənbəmizdən daxil olan məlumata görə, əvvəllər idarəçiliklə bağlı “sifarişlər” Novxanıdan gəlirdi, indi isə Saleh Məmmədovun İsmayıllının Zərgəran Kəndindəki villasından gəlir. Qeyd edək ki həmin kənddə Saleh Məmmədova qonşu Müseyib Həmzəyevin və bir cox yol idarələri direktorlarının millyonluq villaları yanbayandır. Həmin villa sahiblərinində yaxın günlərdə adlarını qeyd edəcəyik. Bir sözlə, sifarişçi eynidir, sadəcə, oturduğu məkan dəyişib. Bu əsnada onu da bildirək ki, Kamran Əzizovun da həmin məkanlara səfəri mütəmadi olması barədə məlumatlar sızmaqdadır.

Cavab tələb edən suallar çoxdur. Bu sualların mərkəzində isə uzun illərdir yol tikintisi və təmiri layihələrində adı çəkilən ATF MMC dayanır. Şirkət müxtəlif illərdə yol tikintisi və təmiri ilə bağlı dövlət satınalmalarında iştirak edib və bir sıra tenderlərin “qalibi” olub.

ATF-nin fəaliyyəti ilə bağlı mətbuatda dəfələrlə araşdırmalar dərc edilib. Həmin materiallarda şirkətin keçmiş AAYDA rəhbəri Saleh Məmmədovla yaxın əlaqələrinin olduğu iddia edilib. Mediada yayılan məlumatlara görə, Azad Muradovun İsmayıllı, Balakən, Zaqatala, Göycay, Agdərə və bir cox rayonlarda Saleh Məmmədovla şərik zavodu var.

Saleh Məmmədovun vəzifədən getməsi ilə şirkətin dövlət sifarişlərindən kənarda qalacağı barədə gözləntilər yaransa da, açıq mənbələrdə yayılan məlumatlar ATF-nin fəaliyyətini davam etdirdiyini göstərir.

ATF ətrafında səsləndirilən başqa bir iddia isə şirkətin texnikası və dövlət qurumlarının texniki imkanlarından istifadə ilə bağlıdır. Dövlət qurumunun balansında olan texnika öz işləri üçün nəzərdə tutulduğu halda, kommersiya şirkətinin fəaliyyətinə cəlb edilir. Bu, mütləq şəkildə sənədlər əsasında araşdırılmalıdır.

Məsələnin digər tərəfi AAYDA-da kadr siyasətidir. Yeni rəhbərlik uzun illər yol sektorunda çalışan, böyük layihələrdə təcrübə toplamış mütəxəssisləri işdən çıxarır, onların yerinə təcrübəsiz, bu sahə barədə məlumatı olmayan şəxlər gətirilir. Məsələn, Eldar Mircavadov kimi illərin peşəkar mütəxəssisi, istismarın rəis müavini işdən cixarılıb. Hansı əsasla?

AAYDA-nın baş idarəsində işçilərin sayının əvvəlki dövrdə təxminən 220 nəfər olduğu, hazırda isə bu rəqəmin 350-yə çatdığı iddia edilir. Köhnə işçilər ixtisar, rayonların birləşməsi adı ilə işdən çıxarılır. Amma bir tərəfdən hansısa maraqlar əsasında yeni, bu sahə ilə əlaqəsi olmayanlar işə götürülür. Bunlar sadə kadr məsələsi deyil, dövlət vəsaitlərinin səmərəli idarə olunması ilə bağlı suallardır.

AAYDA-nın fəaliyyətində tender oyunları kimi rəqabət qanunvericiliyinə əməllər də şübhə yaradır.

Saleh Məmmədovun getməsi yaxşılığa doğru heç nəyi dəyişməyib. Əvvəlki dövrdə formalaşdığı iddia olunan əlaqələr və yanaşmalar hələ də qalır.

Tribuna.az xəbər verir ki, bu yaxınlarda regional idarə yaradan qurum, növbəti yeni regional qurumun Göyçayda olacagı artıq məlumdur. Cünki Azad müəllim belə istəyir. Kiçik rayonlar arasında məsafə nəqədərdir ki, regional idarələr yaransın? Təbii ki, növbəti maxinasiyaya yönələn bir addımdır.

Dövlət vəsaitinin taleyi ilə bağlı hər bir şübhə araşdırılmalı, nəticəyə uyğun tədbirlər görülməlidir. Çünki söhbət nə Saleh Məmmədovdan, nə Vüsal Nəsirlidən, nə də ATF MMC-dən yox, söhbət dövlətin pulundan, dövlətin resurslarından və vətəndaşların etimadından gedir.

Dövlət qurumlarında rəhbərlər dəyişə bilər, amma bir şey dəyişməməlidir: dövlət vəsaitinin qorunması və qanunun aliliyi.

Yazıda adı çəkilən şəxslərin və qurumların mövqeyini təqdim etmək hüququ saxlanılır və qarşı tərəfin açıqlaması olduğu halda dərc edilə bilər.

Tribuna.az