Tribuna.az xəbər verir ki, gəzinti sadə və asan fiziki aktivlik kimi görünür, amma düşündüyünüzdən daha effektiv ola bilər. Kiçik dəyişikliklər (məsafəni artırmaq, tempi sürətləndirmək və ya əlavə yük götürmək) daha çox kalori yandırmağa, ürək sağlamlığını yaxşılaşdırmağa və hətta arıqlamağa kömək edir.
Gəzinti zamanı daha çox kalori yandırmaq üçün sadə üsullar
Gəzinti zamanı daha çox kalori necə yandırmaq olar? Daha çox getmək, daha sürətli yerimək və ya yükü artırmaq — əsas variantlar bunlardır. Amma məsələyə bir də başqa tərəfdən baxaq: gəzinti son vaxtlar sağlamlıq tədqiqatlarında getdikcə daha çox diqqət çəkir.
Gəzərək necə arıqlamaq olar
Bu, ən əlçatan fiziki aktivlik növlərindən biridir və son araşdırmalar göstərir ki, ürək sağlamlığı, qan təzyiqi, psixoloji vəziyyət və bir çox digər sahələr üçün faydalıdır.
2024-cü ildə aparılan bir araşdırmaya görə, həftədə üç dəfə gəzinti bel ağrısının təkrar yaranma riskini demək olar ki, iki dəfə azaldır. Digər bir araşdırma isə gündə 10 000 addım atmağın ürək-damar xəstəlikləri riskini azaltdığını göstərib.
Gəzinti artıq çəkidən qurtulmağa da kömək edir, lakin bu təsir qisməndir. Araşdırmalar göstərir ki, kalori yandırma və arıqlama baxımından gəzinti qaçış və ya güc məşqləri kimi intensiv idman növlərindən daha az effektlidir.
Orta hesabla insan rahat tempdə 1 saat gəzərkən təxminən 250 kalori sərf edir.
Əgər yalnız gəzinti ilə kifayətlənsəniz, çəkiyə təsiri çox böyük olmaya bilər. Amma araşdırmalar göstərir ki, gəzinti kalori məhdudiyyətli pəhrizin təsirini artırır.
Məsələn, 2017-ci ildə Journal of Nutrition jurnalında dərc olunan tədqiqat göstərib ki, artıq çəkisi olan və həftədə 2,5 saat gəzən, eyni zamanda pəhriz saxlayan insanlar yalnız pəhriz edənlərdən daha çox arıqlayıblar.
Gəzintini daha effektiv etmək yolları
Əlbəttə, gəzintini daha faydalı etmək üçün bəzi üsullar var.
1. Məsafəni artırın
Nə qədər çox məsafə qət etsəniz, bir o qədər çox kalori yandıracaqsınız. Obesity jurnalına görə, çəkisinin 10%-dən çoxunu itirən insanlar uzun müddət ərzində gündə 10 000 addım atmağa davam ediblər.
2. Sürəti artırın
Yavaş gəzinti ilə məqsədli sürətli gəzinti arasında böyük fərq var. Mütəxəssislər təxminən 5 km/saat sürəti tövsiyə edirlər. Bu tempdə danışmaq mümkündür, amma mahnı oxumaq çətin olur.
3. Əlavə çətinlik yaradın
Daha çox kalori yandırmaq üçün:
qollarınızı aktiv şəkildə hərəkət etdirin
nahamar yollarda gəzin
küləyə qarşı yeriyin
4. Yoxuşa qalxın
Yoxuş və ya maili səthdə gəzinti kalori sərfini ciddi şəkildə artırır. Journal of Biomechanics jurnalına görə:
5% meyl → +17% enerji sərfi
10% meyl → +32% enerji sərfi
5. Çəki ilə gəzin (rucking)
Son vaxtlar populyar olan “rucking” — yəni bel çantası və ya əlavə çəki ilə gəzinti — hər addımda yükü artırır. Bu üsulun saatda əlavə 200 və daha çox kalori yandırmağa kömək etdiyi iddia olunur və hətta hərbi hazırlıq proqramlarında istifadə olunur.
İmran Kərimli









