Günəşdə fəallıq artıb və iyulun 3-də Yerə təsir göstərə biləcək G2 səviyyəli geomaqnit qasırğası gözlənilir.
Tribuna.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Bildirilib ki, kosmik hava üzrə son hesabata əsasən, hesabat dövründə Günəşdə ən güclü hadisə 4479 nömrəli ləkə regionunda qeydə alınan X1.1 sinifli alışma olub. Son günlər 4478 və 4479 ləkə regionlarında ardıcıl M sinifli alışmalar müşahidə edilib. Bu proseslər radio rabitəsində R1-R3 səviyyəli fasilələrə də səbəb olub.
Müşahidələr zamanı Günəşdə dörd ləkə qrupu və ümumilikdə 139 ləkə qeydə alınıb. Həmçinin Günəşin cənub qütbü yaxınlığında tac dəliyi müşahidə olunur.
Proqnoza görə, iyulun 2-5-də C sinifli Günəş alışmasının başvermə ehtimalı 99%, M sinifli alışmanın ehtimalı 70%, X sinifli alışmanın ehtimalı isə 20%-dir.
Bundan başqa, enerjisi yüksək olan elektron və proton axınlarının artacağı, S1 səviyyəli proton qasırğasının baş vermə ehtimalının olduğu bildirilir.
Proqnoza əsasən, iyunun 27 və 30-da Günəşi tərk etmiş tac kütlə atılmalarının təsiri nəticəsində Günəş küləyinin sürəti artacaq. Bunun nəticəsində iyulun 3-də G2 səviyyəli geomaqnit qasırğası gözlənilir. İyulun 4-də isə qasırğanın zəifləyərək G1 səviyyəsində davam edəcəyi proqnozlaşdırılır.
Həmçinin yüksək geomaqnit enliklərdə qütb parıltılarının (avrora) müşahidə olunması ehtimalının olduğu bildiririlib.









