Rza Pəhləvi rus prankerlərinin qurbanı olub.
Tribuna.az xəbər verir ki, o, saxta “Alman müşavirləri” ilə danışıb.
Belə ki, Rusiyada siyasətçilərlə telefon zarafatları ilə tanınan blogerlər Vovan və Leksus bu dəfə İran şahının oğlu Rza Pəhləvi ilə bağlı qalmaqallı görüntülər yayıblar.
Məlumata görə, prankerlər görüntülü zəng zamanı özlərini Almaniya kanslerinin – Fridrix Merts – müşavirləri kimi təqdim ediblər. Rza Pəhləvi isə onların təqdimatına inanaraq söhbəti davam etdirib.
Görüntülərdə zarafatçılardan biri saç və bığ qoyaraq özünü Adolf Hitler obrazına bənzədib və babasının guya 1940-cı illərdə Alman ordusunda xidmət etdiyini, hətta Tehranda fəaliyyət göstərdiyini iddia edib. Buna baxmayaraq, nə onun görünüşü, nə də adının Adolf olması Rza Pəhləvidə şübhə yaratmayıb.
Söhbət zamanı saxta “müşavir” Almaniyanın İrana qarşı mümkün hərbi əməliyyata hazırlaşdığını, hətta Taurus raketlərindən istifadə variantının müzakirə olunduğunu deyib. Rza Pəhləvi isə buna inanaraq Avropa ölkələrinin İrana qarşı daha sərt mövqe tutmasının vacibliyini bildirib.
Qeyd edək ki, Vovan və Leksus daha əvvəl də bir sıra tanınmış siyasətçilərlə bu cür telefon zarafatları edərək onları çaşdırmaları ilə gündəmə gəliblər.
Nigar İxtiyarqızı










