Rusiya Prezidenti Vladimir Putin strateji əhəmiyyətli obyektlərin sahibləri əmlakı dron hücumlarından qoruya bilmədikləri halda həmin müəssisələrə xarici idarəetmənin tətbiqinə imkan verən fərman imzalayıb.
Tribuna.az UNİAN-a istinadən xəbər verir ki, sənəd Rusiyanın rəsmi hüquqi informasiya portalında dərc olunub və imzalandığı gündən qüvvəyə minib.
Yeni qaydalar elektrik stansiyaları, o cümlədən atom elektrik stansiyaları, zavod və sənaye müəssisələri, rabitə qüllələri və şəbəkələri, su və istilik təchizatı sistemləri, yollar və hava limanları, anbar və logistika mərkəzləri, eləcə də təhlükəli istehsalat obyektlərinə şamil olunur.
Sənəddə “kritik infrastruktur” anlayışına “digər obyektlər” kimi qeyri-müəyyən kateqoriyanın da daxil edilməsi diqqət çəkir. Bu isə hakimiyyətə yeni mexanizmin əhatə dairəsini genişləndirmək imkanı verir.
Müəssisə hansı hallarda dövlət nəzarətinə keçə bilər?
Fərmana əsasən, obyektin sahibi:
onun təhlükəsizliyini təmin etmədikdə;
hakimiyyətin mühafizə tələblərinə əməl etmədikdə;
dron hücumlarına qarşı zəif müdafiə səbəbindən müəssisənin fəaliyyətini təhlükə altına atdıqda;
hücumlar nəticəsində dağılan infrastrukturu bərpa etmədikdə
müvəqqəti xarici idarəetmə tətbiq edilə bilər.
Bu halda müvəqqəti idarəçi kimi “Rosimuşestvo” və ya hökumətin müəyyən etdiyi digər dövlət qurumu çıxış edəcək. Müəssisənin daşınmaz əmlakı, qiymətli kağızları və digər aktivləri həmin quruma veriləcək.
Fərmanda daha bir diqqətçəkən məqam var. Artıq dövlət nəzarətinə götürülmüş əmlakın saxlanılması və fəaliyyəti ilə bağlı xərclər həmin aktivin özünün əldə etdiyi gəlirlər hesabına qarşılanacaq.
Ozon anbarlarına hücumlar
Bu qərar Rusiyada logistika və sənaye obyektlərinə dron hücumlarının artdığı bir vaxtda qəbul edilib.
Avqustun 24-nə keçən gecə “Ozon”un Rusiyanın üç regionundakı logistika obyektlərinə dron hücumları həyata keçirilib. Adıgey və Nevinnomıssk şəhərlərindəki anbarlar təxliyə edilib, Mahaçqaladakı logistika mərkəzinə zərbə nəticəsində isə xəsarət alanların olduğu bildirilib.
Ən böyük zərər Tübe sənaye parkındakı təxminən 130 min kvadratmetrlik obyektə dəyib. Hücumdan sonra burada güclü yanğın baş verib.
Hadisədən sonra “Ozon”un səhmləri Moskva birjasında 12,7 faiz ucuzlaşıb, gün ərzində eniş 27 faizə çatıb. Şirkətin bazar kapitallaşması qısa müddətdə təxminən 185 milyard rubl (2,2 milyard dollar) azalıb və ticarət dayandırılıb.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə hücumlara cavab olaraq Rusiyanın Ukraynaya zərbələri davam etdirəcəyini bildirib.
İmran Kərimli









