Avropada təhlükəsizlik məsələləri Rusiya ilə bağlı risklərin artması fonunda yenidən gündəmə gəlib.
Tribuna.az xəbər verir ki, “The Telegraph”ın gəldiyi qənaətə görə, Avropa İttifaqına üzv ölkələr arasında müdafiə baxımından ən zəif mövqedə olan dövlət İrlandiya hesab olunur.
Nəşrin qeyd etdiyinə görə, artan geosiyasi gərginlik Avropanın müdafiə sistemindəki boşluqları, xüsusilə də Rusiyadan qaynaqlanan təhdidlər qarşısında zəif cəhətləri daha aydın göstərir.
Ekspertlərin diqqəti ilk növbədə təhlükələrin vaxtında aşkarlanması və onların neytrallaşdırılması üçün kifayət qədər imkanlara malik olmayan ölkələrə yönəlir.
İrlandiya senatoru və istefada olan ordu kapitanı Tom Klonan bildirib ki, onun ölkəsi “təhlükəsizlik, müdafiə və kəşfiyyat məsələlərində Avropanın ən zəif halqasıdır”. Onun sözlərinə görə, Dublin müasir müşahidə sensorlarına malik deyil və potensial təhlükələri dayandıracaq silah sistemləri yoxdur. Bu isə İrlandiyanı “tamamilə müdafiəsiz və təhrikedici dərəcədə zəif” vəziyyətə salır.
Məlumata əsasən, İrlandiya üçün əsas risklər birbaşa hərbi işğaldan daha çox “boz zona” adlandırılan təhdidlərlə bağlıdır. Söhbət ilk növbədə ölkə ətrafındakı sulardan keçən sualtı rabitə kabelləri və qaz kəmərlərindən gedir.
Analitiklərin hesablamalarına görə, əsas transatlantik kabellərin təxminən dörddə üçü İrlandiya sərhədlərindən keçir və ya onlara çox yaxın ərazilərdə yerləşir.
Qəzet xatırladır ki, ötən ilin noyabrında Rusiyaya məxsus “Yantar” kəşfiyyat gəmisi “Microsoft” və “Google” şirkətlərinin istifadə etdiyi sualtı kabellərin yaxınlığında müşahidə edilib. Həmin şirkətlərin Avropadakı əsas qərargahları da məhz İrlandiyada yerləşir.
Eyni zamanda qeyd olunur ki, ölkədə müasir radiolokasiya və hidroakustik sistemlər yoxdur və Dublin çox vaxt Rusiyanın fəaliyyəti barədə məlumatı müttəfiqlərdən, xüsusilə Böyük Britaniyadan alır. 2023-cü ilin dekabrında Britaniya hərbi gəmisi və helikopterinin Kork limanı yaxınlığında Rusiya sualtı qayığını bölgədən uzaqlaşdırması da buna misal kimi göstərilir.
Məqalədə Ukrayna prezidenti Volodimir Zelenskinin uçuşu zamanı İrlandiya hava məkanında pilotsuz uçuş aparatlarının qeydə alınması hadisəsi də xatırladılır. Buna baxmayaraq, İrlandiya hakimiyyəti baş verənlərlə bağlı geniş ictimai izahat verməyib və müdafiə siyasətinin yenidən nəzərdən keçirildiyini açıqlamayıb.
Bu passivlik fonunda İrlandiyanın Avropanın təhlükəsizlik arxitekturasında ən həssas nöqtələrdən biri olaraq qalması narahatlıq doğurur.









