Rusiya iqtisadiyyatı depressiyada: sənaye 90-cı illərdən bəri ən ağır böhranı yaşayır

Rusiya iqtisadiyyatı depressiyada: sənaye 90-cı illərdən bəri ən ağır böhranı yaşayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tribuna.az xəbər verir ki, Rusiya sənayesi son onilliklərin ən dərin böhranı ilə üz-üzə qalıb. Sanksiyaların sərtləşdirilməsi, kredit faizlərinin yüksəlməsi və hərbi xərclərdən sonra iqtisadi artımın kəskin zəifləməsi ölkə sənayesini faktiki olaraq resessiyaya sürükləyib.

The Moscow Times nəşrinin yazdığına görə, iri sənaye şirkətlərinin rəhbərləri bildirir ki, bu il sənaye məhsullarının satışı 1998-ci ildən bəri ən aşağı səviyyəyə enib. Böyük biznes nümayəndələrinin tələbatla bağlı qiymətləndirmələri 2009 və 2015-ci illərin göstəricilərindən də aşağı düşüb. Həmin illərdə Rusiya qlobal maliyyə böhranı və Krımın ilhaqından sonra tətbiq edilən ilk sanksiyalarla üzləşmişdi.

Məlumata görə, 2025-ci ildə Rusiya üzrə fabrik və zavodların istehsal planları son 16 ilin minimum səviyyəsinə enib. Ümumi sənaye optimizmi indeksi də 2009-cu ildən bəri ən aşağı həddi göstərib. Qeyd olunur ki, iki il davam edən hərbi bumdan sonra — dövlət büdcəsindən onlarla trilyon rublun müdafiə sənayesinə və iri layihələrə yönəldildiyi dövrdən sonra — Rusiya iqtisadiyyatı depressiya mərhələsinə daxil olub.

Nəşrin yazdığına görə, ÜDM-in artım tempi demək olar ki, sıfıra yaxınlaşıb, sənaye isə artıq resessiya vəziyyətindədir. Belə ki, noyabr ayında Rusiya üzrə sənaye istehsalı illik ifadədə 0,7% azalıb. Metallurgiya sahəsində geriləmə 4,1%, kimya sənayesində 1,7%, maşınqayırmada isə 5,4% təşkil edib. Son 15 ildə ilk dəfə olaraq ərzaq məhsullarının istehsalı da 0,8% azalıb.

Ayrı-ayrı sahələrdə vəziyyət daha ağırdır. Traktor istehsalı 61,6%, buldozer istehsalı 53,7%, lift istehsalı 37,2%, sərnişin vaqonlarının buraxılışı isə iki dəfə azalıb. Avtomobil sənayesi 2022-ci ilin ən zəif göstəricilərinə qayıdıb — istehsal 34,1% geriləyib.

İqtisadçı Aleksandra Prokopenko bildirib ki, hakimiyyətin açıqlamalarına baxmayaraq, sanksiyaların iqtisadiyyata vurduğu zərər getdikcə artır. Onun sözlərinə görə, Rusiya iqtisadiyyatı hazırda “dondurulmuş vəziyyətdədir” və uzunmüddətli baxımdan dayanıqlı hesab edilə bilməz.

Ekspertlər xəbərdarlıq edirlər ki, artıq dördüncü ildir müharibəyə böyük vəsaitlər xərcləyən Rusiya iqtisadiyyatı ən riskli mərhələyə daxil olur. Ehtiyatların tükənməsi, neft sektoruna və bank sisteminə qarşı sanksiyaların güclənməsi fonunda 2026-cı ildə maliyyə böhranı riski real olaraq qiymətləndirilir.

İmran Kərimli