Rusiya fond bazarı çökdü, neft qiymətləri kəskin düşdü

Rusiya fond bazarı çökdü, neft qiymətləri kəskin düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Trump-ın İranla bağlı danışıqlarda irəliləyiş olduğunu bildirərək bütün zərbələrin dayandırıldığını açıqlaması Rusiya fond bazarında kəskin enişə səbəb olub.

Tribuna.az xəbər verir ki, məlumata görə, MOEX Russia Index gün ərzində 2875 bəndə qədər yüksəlsə də, sonradan təxminən 2800 bəndə qədər geriləyib. İndeks minimumda 2804 bənd səviyyəsinə düşüb. Bu göstərici sonuncu dəfə 4 mart tarixində – Tehran hələ Hörmüz boğazı-nı bloklamamışdan əvvəl qeydə alınmışdı.

Bazarın enişinə əsas səbəb Rusiya neft şirkətlərinin səhmlərinin ucuzlaşması olub. Bu isə öz növbəsində neft qiymətlərinin düşməsi ilə əlaqələndirilir. Belə ki, Brent nefti üzrə fyuçerslər bir müddət ərzində 108 dollardan 92 dollara qədər enib. Moskva vaxtı ilə saat 15:00-a olan məlumata görə isə qiymət 101 dollar səviyyəsində ticarət olunub.

Eyni zamanda, Forex bazarında dollar rubl qarşısında təxminən 1 rubl ucuzlaşıb. Lakin əsas eniş ticarətin əvvəlində baş verib və Trampın açıqlamasından sonra məzənnədə ciddi dəyişiklik qeydə alınmayıb.

ABŞ prezidenti danışıqlarda konkret hansı irəliləyişin əldə olunduğunu açıqlamayıb. Bundan əlavə, İran mediası Tehran nümayəndələrinin ABŞ ilə nə birbaşa, nə də vasitəçilər üzərindən əlaqə saxlamadığını iddia edir.

Bu ziddiyyətli açıqlamalar fonunda və Donald Trump-ın əvvəlki qeyri-ardıcıl bəyanatları nəzərə alınaraq, neft qiymətləri tədricən itkilərini bərpa etməyə başlayıb.

İmran Kərimli