Rusiya işğalçıları Mirnoqrad istiqamətində də irəliləyiş əldə edib.
Tribuna.az xəbər verir ki, Rusiya ordusu Donetsk vilayətində üç kəndi işğal edib. Bu barədə DeepState monitorinq layihəsi Telegram kanalında məlumat yayıb.
Məlumatda bildirilir ki, “Düşmən Pazeno, Pereyezdne və Kuzminovka kəndlərini işğal edib, həmçinin Andreyevka yaxınlığında və Mirnoqrad şəhəri istiqamətində irəliləyib”.
Qeyd olunan Pazeno, Pereyezdne və Kuzminovka kəndləri Donetsk vilayətinin Baxmut rayonu ərazisində yerləşir.
Rusiya qüvvələrinin irəlilədiyi Andreyevka kəndinin daha əvvəl işğal olunduğu bildirilib.UNIAN-ın məlumatına görə, 15 dekabr tarixinə olan vəziyyətə əsasən Donetsk vilayətinin 22,6 faizi Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olub. Son 3 il 8 ay ərzində isə Rusiya Donetsk vilayətinin 23 faizini ələ keçirib. Cəbhədə ciddi dəyişikliklər baş verməzsə, Rusiyanın Donetskin tamamını işğal etməsi üçün ən azı 3 il vaxt lazım olacaq.
Bununla yanaşı, Ukraynaya qarşı müharibənin təşəbbüskarı olan Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampa bildirib ki, Rusiya qüvvələri ilin sonunadək Donetsk vilayətinin tamamını nəzarətə götürəcək.
Xatırladaq ki, Rusiya tərəfi Ukraynadan Donetsk vilayətinin bütün ərazisindən çıxmağı tələb edir.









