Rusiya Azərbaycanla münasibətləri xilas etməyə çalışır – Qaluzinin açıqlamasının pərdəarxası

Rusiya Azərbaycanla münasibətləri xilas etməyə çalışır – Qaluzinin açıqlamasının pərdəarxası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində bildirib ki, Moskva prinsipial olaraq Azərbaycanla münasibətlərin hərtərəfli inkişafına hədəflənib.

“Bunu Rusiya və Azərbaycan xalqlarının köklü maraqlarına cavab verəcəyindən çıxış edərək demək istərdim. Rusiya tərəfinin Azərbaycan Respublikası ilə bütün əlaqələr kompleksinin ardıcıl inkişafına dair prinsipial mövqeyi dəyişməzdir. Odur ki, biz əlaqələrimizin inkişafında əldə edilmiş tempi azaltmaq niyyətində deyilik”, – o qeyd edib.

kenan.jpg (34 KB)

Politoloq Kənan Novruzov Musavat.com-a bildirib ki, Bakı ilə Moskva arasında münasibətlər hələ də enişli-yoxuşludur:

“Bunun əsas səbəbi isə qarşı tərəfin qeyri-adekvat ritorikasıdır. Xüsusilə 2024-cü ildə “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin vurulmasından və Rusiyadakı azərbaycanlılara qarşı təzyiqlərin başlanmasından sonra ikitərəfli münasibətlərdə yeni səhifə açılıb. Sözsüz ki, nazir müavininin açıqlaması birbaşa Kremlin mövqeyidir. Rusiya başa düşür ki, Azərbaycanla münasibətlərin pisləşməsi onun strateji maraqlarına uyğun deyil. Birincisi, Azərbaycanla münasibətlərdə gərginlik həm də strateji müttəfiqimiz olan Türkiyə ilə gərginlik deməkdir. İkincisi, Bakı Avropa ilə münasibətlərdə Moskvaya lazımdır. Üçüncüsü, Ermənistandakı parlament seçkilərinin nəticəsi maraqla gözlənilir. Baş nazir Nikol Paşinyanın hakimiyyətini qoruyacağı və bundan sonra İrəvanın Moskvadan daha da uzaqlaşacağı iddia olunur. Belə bir şəraitdə Rusiya Cənubi Qafqazdakı mövqelərini qorumaq üçün Azərbaycanla münasibətlərə ümid etmiş ola bilər. Azərbaycan bütün dövlətlərlə, o cümlədən Rusiya ilə normal münasibətlərdə maraqlıdır. Bunu Prezident İlham Əliyev də dəfələrlə bəyan edib. Bu mənada Bakı da Moskva ilə münasibətlərin normallaşmasına qarşı deyil. Amma gərək Rusiya səmimi olsun, əvvəlki səhvlərini düzəltsin və Azərbaycana “yuxarıdan aşağı baxmağa” cəhd etməsin”.