Kriştiano Ronaldo Portuqaliyada qablaşdırılmış mineral su istehsalı layihəsinə 10 milyon avro sərmayə qoyub.
Tribuna.az xəbər verir ki, “Əl-Nəsr” klubunun və Portuqaliya millisinin hücumçusunun tərəfdaşı “Grupo Outeirinho” şirkəti olub. Şirkət də daha 10 milyon avro investisiya yatıracaq. Beləliklə, layihənin ümumi büdcəsi təxminən 20 milyon avro təşkil edəcək. Şirkətin məlumatına görə, o, Portuqaliyanın su bazarının 45 faizinə nəzarət edir.
Braxansa bölgəsinin eyniadlı bələdiyyəsində yerləşən Qostei kəndində su qablaşdırma zavodunun tikintisi artıq davam edir. Tikinti işlərinin başa çatdırılması və məhsulun həm Portuqaliyada, həm də xarici bazarlarda satışına 2027-ci ilin sonunadək başlanması planlaşdırılır. Brendin hazırlanması İtaliyanın dizayn şirkətinə həvalə olunub. “Grupo Outeirinho”nun açıqlamasına görə, layihə mərhələli şəkildə onlarla yeni iş yerinin yaradılmasına imkan verəcək.
Ronaldo su biznesində ilk dəfə deyil ki, iştirak edir. O, 2023-cü ildə İspaniyada Ursu9 adlı su brendini yaradıb.
2026-cı ildə futbolçu texnologiya, media və idman aktivlərinə yatırımlarını da genişləndirib. O, İspaniyanın “Almeria” klubunun 25 faizini 25 milyon avroya alıb. Həmçinin qidalanma sahəsində süni intellekt platformasının inkişafı məqsədilə “Herbalife” şirkətinin İT törəmə şirkətinin 10 faizlik payını 7,5 milyon dollara əldə edib.
Bundan əlavə, Ronaldo 575 milyon dollarlıq investisiya raundunda ağıllı fitnes bilərzikləri istehsal edən Whoop şirkətinin investorları sırasına daxil olub. O, özünün Erakulis süni intellekt tətbiqi üçün 2 milyon avroluq maliyyələşdirmə raundunu dəstəkləyib. Həmçinin 2026-cı il dünya çempionatının yayım hüquqlarını əldə edən LiveMode TV yayım platformasında pay alıb.
2025-ci ildə Ronaldo dünyanın ilk milyarder futbolçusu olub. “Bloomberg” onun sərvətini 1,4 milyard dollar qiymətləndirib. “Two Circles” şirkətinin məlumatına görə, futbolçunun rəqəmsal platformalardakı ümumi auditoriyası 1,04 milyard nəfərə çatır. Bu, dünyada hər hansı digər şəxsin auditoriyasından çoxdur.
Biznes fəaliyyətini genişləndirməsinə baxmayaraq, Ronaldonun sərvətinin əsas mənbəyi futbol karyerasıdır. Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə müqaviləsi iki il üçün 676 milyon dollar nəzərdə tutur və 2026/2027 mövsümünün sonunadək qüvvədədir. Müqaviləyə portuqaliyalı futbolçuya klubun 15 faizlik səhminin verilməsi də daxildir. Həmin payın təxminən 45 milyon dollar dəyərində olduğu bildirilir. Ronaldo daha əvvəl futbolçu karyerasını başa vurduqdan sonra bir neçə futbol klubunun sahibi olmaq istədiyini açıqlamışdı.
İmran Kərimli









