İsrail Azərbaycandan əl çəkmək istəmir: baxmayaraq ki, Azərbaycan və İran rəhbərliyi son 40 gün ərzində qarşılıqlı şəkildə münasibətləri yumşaltmaq və yaxşılaşdırmaq istiqamətində ardıcıl addımlar atır, bir-birlərinə təhlükə yaratmayacaqlarını açıq şəkildə bəyan edirlər, ancaq İsrail və ölkəmizdəki şəbəkəsi dayanmadan hər vasitəylə İran-Azərbaycan münasibətlərini gərgin atmosferdə saxlamağa, yaxınlaşma meyllərinin qarşısını almağa və cəmiyyətimizdə getdikcə formalaşan yeni ictimai rəyi müxtəlif dezinformasiyalarla dağıtmağa çalışır!
Bu gün İsrailin kəşfiyyat qurumlarının ənənəvi Qərb mediasında kütləvi şəkildə tirajlanan məlum bəyanatı (İranın Bakı-Ceyhan xəttinə təxribat törətmək istəməsi və İsrailin də bunu önləməsi) məhz bu məqsədə – Azərbaycanda İran təhlükəsinin böyük risk daşıdığına və İsrailin də, guya, bizi bu təhlükədən qoruyan əsas qüvvə olduğu fikrinin qorunub saxlanmasına hesablanıb!
Çünki ABŞ-İsrail ittifaqı İrana qarşı son əməliyyatlarında bir daha gördü ki, 35 il boyunca milyardlarla vəsait töküb müxtəlif partiyaların, ictimai təşkilatların, media resurslarının və ayrı-ayrı fərdlərin əliylə Azərbaycan ictimai rəyində formalaşdırdığı “İran sizin düşməninizdir” mifi işə yaramır, getdikcə dağılır və əvəzində isə “İsrail bizi öz oyunlarına alət etməsin” düşüncəsi ön plana çıxır!
Hazırda İsraili ən çox narahat edən də budur ki, Azərbaycan ABŞ-Israil koalisiyasının İrana qarşı əməliyyatlarında onlarla deyil, məhz İranı qoruyan Türkiyə və Pakistanla eyni cinahda yer alıb. Bu isə Türkiyə və Pakistanda çox yüksək olan anti-İsrail ovqatının yaxın gələcəkdə Azərbaycanda da arta biləcəyi ehtimalını yaradıb.
İsrailin bugünkü bəyanatı da, əslində, bu narahatlığa və Antalya forumundan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bir fotoyla bütün dünyaya verdiyi mesaja gecikmiş cavabdır.
Azərbaycan dövləti, cəmiyyəti ayıq olmalı, çəkildiyimiz və hələ bundan sonra da çəkiləcəyimiz daha böyük fitnələrdən özünü qorumağı bacarmalıdır!
Böyük Həzrəti Əlinin (ə.) bu kəlamını isə heç kim unutmamalıdır: “Zalımın sonu yaxınlaşdıqca, zülmü artar, daha da azğınlaşar”.
Azğın düşmənlərin fitnəsini önləmək üçün indi həm İran, həm də Azərbaycan rəhbərliyi daha çevik və soyuqqanlı davranmalı, davamlı şəkildə İran-Azərbaycan əlaqələrini yaxşılaşdıracaq addımlar atmalıdırlar. Məsələn, bu addımlardan ən mühümü “Zəngəzur dəhlizi” hazır olanadək, İrandan keçəcək və artıq tikintisi yekunlaşmaq üzrə olan “Araz dəhlizi”nin tezliklə istifadəyə verilməsi və doğma Naxçıvanımıza gedib-gələn Azərbaycan vətəndaşlarına maneəsiz keçidin təmin edilməsi olar.
Hər halda, indi həqiqi dövlət ağlına və ümmət təəssübünə daha çox ehtiyac var, nəinki bölücü millətçiliyə.
Elxan Şükürlü









