Quba İcra Hakimiyyəti tenderlərini üç şirkət arasında bölüşdürüb- ARAŞDIRMA

Quba İcra Hakimiyyəti tenderlərini üç şirkət arasında bölüşdürüb- ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Quba rayon İcra Hakimiyyəti son bir ildə keçirdiyi tenderləri əsasən üç şirkət arasında bölüşdürüb.

Tribuna.az-ın açıq mənbələr üzərindən apardığı araşdırma zamanı məlum olub ki, 2024-2025-ci illərdə İcra Hakimiyyəti 8 tender keçirib.

Qeyd edək ki, bu tenderlərin önəmli hissəsinin qalibləri “BABAYEV GROUP COMPANY”, “GƏNCƏ KÖRPÜ TİKİNTİ-2” ASC və “STAR TƏMİR CONSTRUCTİON” MMC olublar.

Ötən gün keçirilən tenderin qalibi olan “BABAYEV GROUP COMPANY” Qubada yaşıllaşdırma işlərini həyata keçirəcək. Bu işlər isə 224 min 849 manata başa gələcək.

Bildirək ki, sözügedən şirkət sentyabr ayında da Qubada işıqlandırma işlərini həyata keçirib. 71 min 213 manatlıq müqavilənin icra edilib, edilmədiyi məlum deyil.

Öndə gedən şirkətlərdən biri də “GƏNCƏ KÖRPÜ TİKİNTİ-2” ASC-dir. Bu şirkətlə də son bir ildə Quba İcra Hakimiyyəti iki tender reallaşdırıb. Belə ki, onlardan biri iki gün öncə baş tutub. Məqsəd Quba şəhərində abadlıq işlərini həyata keçirmək olub. Bu məqsədlə şirkətə 1 milyon 940 min 3 manat ödəniləcək.

Həmin şirkət bu ilin sentyabrında Quba şəhərində yolların əsaslı təmiri işləri üzrə tenderin də qalibi olub. Belə ki, İcra Hakimiyyəti ilə şirkət arasında 2 milyon 125 min 696 manatlıq müqavilə imzalanıb.

Ən çox tender uddan şirkətlərdən biri də “STAR TƏMİR CONSTRUCTİON” MMC olub. Tribuna.az bildirir ki, şirkət Quba İcra Hakimiyyətindən ötən gün rayon ərazisində abadlıq işlərinin sifarişini alıb. 1 milyon 481 min 402 manata başa gəlləcək işlərin gələn il üçün yekunlaşacağı gözlənilir.

Bir digər tender anlaşması isə ötən ilin noyabrında baş tutub. Həmin vaxt Quba şəhərinin yaşıllaşdırılması prosesi həyata keçirilib. Şirkətə isə 247 min 776 manat ödənilib.

Xatırladaq ki, Qubanın icra başçısı İlqar Mahmudovdur. O, 31 avqust 2023-cü ildən şəhəri idarə edir.

Qarşı tərəfilərin də mövqeyini dərc etməyə hazırıq.

Fərda Uğur