Qışda nə yeyək ki, xəstələnməyək? – Faydalı qidaların siyahısı

Qışda nə yeyək ki, xəstələnməyək? – Faydalı qidaların siyahısı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qış mövsümü ilə birlikdə soyuq hava, günəş işığının azalması və qapalı məkanlarda daha çox vaxt keçirmək immun sistemini zəiflədən əsas amillərdən birinə çevrilir. Bu dövrdə soyuqdəymə, qrip və digər mövsümi xəstəliklərin yayılma riski artır. Mütəxəssislər bildirirlər ki, immunitetin güclü qalmasında düzgün və balanslı qidalanma həlledici rol oynayır. Bəs qış aylarında orqanizmi xəstəliklərə qarşı daha davamlı etmək üçün hansı qidalara daha çox üstünlük verməliyik?

Mövzu ilə bağlı Tribuna.az-a açıqlama verən qida üzrə mütəxəssis-ekspert Ağa Salamov bildirib ki, ilk növbədə mövsümü meyvə-tərəvəzlərə üstünlük vermək lazımdır.

 

Ağa Salamovun sözlərinə görə, heyva, kök, alma, nar və s. meyvələrini və şirələrini istifadə etmək lazımdır. Həmçinin, nar qabığından çay immun sistemini gücləndirir. Gədəbəy çuğundurunun şirəsini çəkib alma şirəsi ilə qarışdırıb içmək, yaxud çuğundur, alma, heyva salatı hazırlayıb yemək immun sisteminin bərpası deməkdir. Bu da sərbəst radikallara qarşı insan orqanizmində bir qalxan yaradır.

Qış fəslində zülalların faydasına toxunan mütəxəsis qeyd edib:

“Zülalların başında balıq gəlir. Çünki balıq Omeqa3, A, E vitaminləri ilə zəngindir. Gözə, ürəyə, damarlara, həzm sisteminə və hər bir şeyə faydalı olan balıq yüngül zülaldır. Çünki rahat həzm olunur. Omeqa3 isə əvəzolunmaz yağ turşusudur. Bu, kənardan alınan yağdır. Ona görə də insanlara lazımdır. Zülallardan qırmızı ət məhsulu da var. Hansı ki, həftədə ən azı 2 dəfə balıq, ət, toyuq yeyilməlidir. Bir günü isə özümüz üçün “vegetarian günü” təyin etsək yaxşı olar. İki günə daxildir qırmızı ət məhsulları – dana əti, mal əti, quzu əti, quzu ciyəri. Quzu ciyərində B12 yüksək səviyyədədir. İnsan orqanizmi üçün çox vacibdir və immun sistemini gücləndirir. Eyni zamanda bu məhsullar dəmir tərkiblidir. B kompleks vitaminlərlə zəngindir. Tərkibində Mioqlobin də var ki, ətə qırmızı rəngi verən maddədir. Və bu, əzələləri oksigenlə təmin edir. Ürəyə də faydaları sonsuzdur. Təbii ki, norma həddini aşmamaq şərti ilə istehlak olunarsa.”

Toyuq məhsullarının faydasından danışan ekspert vurğulayıb:

“Toyuqlara gəlincə,” Serebrist” cinsini məsləhət görürəm. Broylerlərə qarşı insanlarda müxtəlif fikirlər formalaşıb. “Serebrist” cinsi də broylerdir. Bu, yüz illərdir ki, var və sovet dönəmində də Azərbaycanda çox istehlak olunan toyuqlardan biri idi. Artıq ənənəvi sorta çevrilib. Məsləhət görərdim onlardan yesinlər. Onun soyutmasını sarıkök, kartof və soğanla bişirib yeyə bilərlər. Çünki sarıkök immun sistemini gücləndirən antiseptik bir qalxandır. Toyuq əti mineral və vitaminlərlə zəngindir. Kimin əli çatırsa, kənd çolpası alıb yeyə bilər.”

Sonda içkilərdən və otlardan bəhs edən Ağa Salamov əlavə edib:

“İçkilər də immun sistemini gücləndirir. Qış ayları olduğuna görə isti içkilərə müraciət edirik. Biz çay içən xalq olduğumuza görə, yayda da çayı çox istehlak edirik. Mövsümündə yetişən meyvələrdən heyva çayını məsləhət görürəm. Dilim-dilim doğranılsın, səthlərə bölünsün. Nə qədər səthlərə çox bölünərsə, o qədər vitaminləri və mineralları çox olar. Bu yapon texnologiyasıdır. İncə doğranmış zəncəfil çayı da təbii ki, mütləq olmalıdır. Qabığı soyulmuş limon çayı da faydalıdır. Qabığı ona görə soyulmalıdır ki, çaya efir yağını çox buraxmasın. Və bir də dar ın olmaqla, bu 3 komponentin qarışığı ilə çay içmək yerinə düşər. Dağ otlarından da çaylar var ki, hazırda qurudulmuş formada satışı həyata keçirilir. Kəklikotu, nanə qarışımı olan çayın ətri, dadı bir başqa olur. Kəklikotu və limon qarışımı olan, çay içə bilərlər. Alma, heyva nar qabığı qarışığından çay içə bilərlər. 3 komponentdən başqa heç nə əlavə etməsinlər. Çünki effekti olmaz. Təbii ki, Azərbaycanın “Lənkəran çayı” da öz yerində”.

Dəniz Pənahova