“Qaysı Lounge” və “Horn Pub”da futbol yayımı qadağan edildi

“Qaysı Lounge” və “Horn Pub”da futbol yayımı qadağan edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakıda fəaliyyət göstərən məşhur restoranlarda futbol üzrə UEFA Avropa Liqası oyunlarının nümayişi müvəqqəti qadağan edilib.
Tribuna.az xəbər verir ki,  Qaynarinfo-nun məlumatına görə, “AdResCon” Məhdud Məsuliyyətli Cəmiyyəti “Qaysı Lounge” ictimai iaşə obyektini icarə əsasında işlədən Kamil Məmmədov və “Horn Pub” ictimai iaşə obyektini icarə əsasında işlədən Kamran İsmayılov barəsində məhkəməyə müraciət edib.
İddiaya əsasən, “Qaysı Lounge”da, eləcə də Xətai rayonu, Lütfizadə küçəsində yerləşən “Horn Pub”da UEFA Avropa Liqasının 2026-2027-ci il mövsümünün təsnifat mərhələsi çərçivəsində iyul-avqust aylarında keçirilən oyunların müvafiq yayım hüququ olmadan, pirat şəkildə nümayiş etdirildiyi müəyyən edilib.
Bildirilib ki, hotellər, restoranlar, kafelər, publar və digər kommersiya obyektlərini əhatə edən HORECA sektoru üçün tələb olunan sublisenziya müqaviləsi bağlanmadan oyunların nümayiş etdirilməsi yayım hüquqlarının pozulması hesab olunur. Bu səbəbdən “AdResCon” MMC məhkəmədən sözügedən obyektlərdə futbol oyunlarının nümayişinin bir ay müddətinə qadağan edilməsini xahiş edib.
Məhkəmə ərizəni təmin edib və qərara əsasən, “Qaysı Lounge” və “Horn Pub”da avrokubok oyunlarının nümayişi bir ay müddətinə qadağan olunub.
Qeyd edək ki, Azərbaycanda UEFA Avropa Liqasının oyunlarının hotel, restoran, kafe, pub və digər kommersiya obyektlərində nümayiş hüququ “AdResCon” MMC-yə məxsusdur.