2 dekabr 2025-ci il tarixində Brüssel şəhərində keçirilmiş Avropa İttifaqı (Aİ) və Ermənistan arasında Tərəfdaşlıq Şurasının VI iclasının nəticəsində imzalanmış “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” adlı sənədin rəsmi Bakı tərəfindən sərt etirazla qarşılanıb.
Azərbaycan XİN-in yaydığı açıqlamada bildirilir ki, sözügedən sənədd post-münaqişə dövründə reallıqları təhrif edən və bütövlükdə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə zidd olan bir sıra məsələlərin prioritetləşdirilməsi ciddi narahatlıq doğurur.
Bəyanatda eyd edilib ki, növbəti 7 il müddətində Aİ ilə Ermənistan arasında strateji prioritetləri müəyyənləşdirən bu ikitərəfli sənəddə Azərbaycanı hədəf alan məsələlərə yer ayrılması qəbuledilməzdir və bu, eyni zamanda, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin perspektivlərinə mənfi təsir edir: “Sənədin giriş hissəsində və bir sıra digər bölmələrində, Azərbaycan tərəfindən təqdim edilmiş reinteqrasiya planından imtina etdikdən sonra ölkəmizdən könüllü şəkildə Ermənistana miqrasiya etmiş erməni sakinlərə istinadən “Azərbaycanın hərbi əməliyyatlarından sonra köçkün düşmüş Qarabağ erməniləri” ifadəsinin işlədilməsi və bu məsələnin Aİ və Ermənistan arasında tərəfdaşlıq prioriteti kimi müəyyən edilməsi, eləcə də bu kateqoriya insanların “qaçqın” statusunda qeyd edilməsi Azərbaycana qarşı qərəzin açıq-aydın nümunəsidir.
Bu mövzuda Tribuna.az-ın sualını cavablandıran millət vəkili Məşhur Məmmədov bildirib ki, Avropa İttifaqı növbəti dəfə tərəf olduğunu nümayiş etdirib. Deputatın sözlərinə görə, Qarabağdan öz xoşu ilə gedən, azərbaycanlılardan fərqli olaraq bölgədən zorla qovulmayan ermənilərin Aİ tərəfindən “qaçqın” adlandırılması həm qərəz, həm də beynəlxalq hüquqa zidd mövqedir: “Çünki onların gedişi uzaq tarix deyil və video kadrlar internet resurslarında, telekanalların arxivində mövcuddur. Ermənilər gülə-gülə, şokolad, peçenye yeyərək avtobuslara, avtomobillərə oturub könüllü şəkildə Qarabağı tərk ediblər. Azərbaycanlılar isə işğal dövründə zorla çıxarılıb, gülləboran altında evlərindən didərgin düşmüşdülər. Avropa İttifaqı o dövrə aid kadrlara da baxsın, 2023-cü ildə ermənilərin gedişinə də…”
Məşhur Məmmədov qeyd edib ki, ermənilər etnik təmizləməyə məruz qalmayıb, azərbaycanlılardan fərqli olaraq: ” Azərbaycan dövləti onlara qalmağı, vətəndaşlığı qəbul etməyi təklif etdi. Həmçinin sosial imtiyazlar, subsidiyalar nəzərdə tutulmuşdu, reinteqrasiya planı açıqlanmışdı. Hətta ermənilərin nümayəndələri ilə Xocalıda və Yevlaxda görüşlər keçirildi. Yəni biz onlara hər bir sosial şərait yaratmağa hazır idik, amma getməyi seçdilər. Antiterror tədbiri zamanı da bir mülki erməni zərər görməyib. Amma işğalçılar Kəlbəcərdə və digər bölgələrdə dinc azərbaycanlıları qətlə yetirmişdilər. Ona görə də Avropa İttifaqı böyük ədalətsizliyə yol verib. Onlar qaçqın deyil və məcburi bölgəni tərk etməyiblər. Qərb dəyərlərindən danışan qurumun bu mövqeyi ermənipərəstlikdir”.
Millət vəkili onu da deyib ki, Avropa İttifaqının dediyini heç Ermənistan hakimiyyəti dilə gətirməyib: “Paşinyan bu günlərdə bəyan etdi ki, ermənilərin Qarabağa qayıdışı təhlükədir. O yaxşı bilir ki, bundan kənar güclər sui-istifadə edəcəklər. Ona görə belə açıqlama verib. İkincisi, Qarabağdan gedənlər Ermənistan pasportu alırlar, yəni qaçqın statusu daşımırlar. Bu mənada da Avropa İttifaqı yenə haqsız və qeyri-obyektivdir. Rəsmi Bakının reaksiyası yerindədir və hesab edirəm ki, Azərbaycan ictimaiyyəti də bu məsələyə etirazını bildirməlidir. Avropa İttifaqı bu mövqeyi ilə sülhə zərbə vurduğunu da bilməlidir”.
Roman Salamoğlu









