“Son dövrlər televiziya məkanında müşahidə olunan bəzi bayağı və etik çərçivələri aşan məzmunlar cəmiyyət tərəfindən haqlı narahatlıqla qarşılanır”.
Bu sözləri Tribuna.az-a açıqlamasında “Müəllif Hüquqları Uğrunda” İctimai Birliyinin İdarə Heyəti sədrinin müavini Zamiq Yunisov deyib.
“Xüsusilə gənc tamaşaçı auditoriyasının formalaşmasında medianın rolu nəzərə alınarsa, efir mədəniyyətinə dair tələblərin sərtləşdirilməsi müəyyən mənada anlaşılandır”, – deyə ekspert qeyd edib.
“Eyni zamanda, yaradıcılıq azadlığı demokratik cəmiyyətin əsas prinsiplərindən biridir və hər hansı məhdudiyyət qanunvericiliyə, aydın meyarlara və obyektiv kriteriyalara əsaslanmalıdır. Qadağalar selektiv və subyektiv xarakter daşımamalı, şəffaf və hüquqi çərçivədə tətbiq olunmalıdır”, – deyən Z. Yunisov əlavə edib.
“Hesab edirik ki, məsələ “qadağa” ilə deyil, keyfiyyət meyarlarının müəyyənləşdirilməsi, peşəkar ekspertiza, etik kodekslərin tətbiqi və ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi yolu ilə həll edilməlidir. Bu yanaşma həm efir mədəniyyətinin səviyyəsini yüksəldə, həm də yaradıcılıq azadlığını qoruyaraq sağlam rəqabət mühiti formalaşdıra bilər.
Beləliklə, məqsəd sənəti məhdudlaşdırmaq deyil, onun ictimai məsuliyyət çərçivəsində inkişafını təmin etmək olmalıdır”, – ekspert sonda vurğulayıb.
Qəmər Feyzi









