Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (“Qaçqınkom” kimi tanınır-red.) daha bir tenderi yekunlaşdırıb.
Tribuna.az xəbər verir ki, qurumun Tikilməkdə olan Müəssisələr Müdriyyəti üç şəhərdə təmir işləri həyata keçirəcək.
Belə ki, Bakı, Mingəçevir, Xırdalan şəhərlərində və İsmayıllı rayonunda məcburi köçkünlərin məskunlaşdığı obyektlərdə cari təmir işləri görəcək. Həmin məqsədlə keçirilən tenderin qalibi “KASPİAN STANDART” MMC olub. Tərəflər işlərin görülməsi üçün 374 min 161 manata razılaşıblar.
Qeyd edək ki, “Qaçqınkom” sözügedən şirkətlə son bir ildə iki dəfə eyni işlərin görülməsində anlaşıblar. Belə ki, ötən ilin noyabrında komitə Mingəçevir şəhərində, Göygöl, Bərdə, Ağcabədi və Biləsuvar rayonlarında məcburi köçkünlərin məskunlaşdığı binalarda cari təmir işlərini “KASPİAN STANDART”a həvalə edib. Həmin vaxt 302 min 266 manatlıq müqavilə bağlanılıb.
Tribuna.az açıq mənbələr üzərindən “Kaspian Standart” şirkəti ilə bağlı qısa araşdırma aparıb. Məlum olub ki, şirkəyt 17 mart 2008-ci ildə yaradılıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, akademik Şamil Əzizbəov küçəsi, ev 95-də yerləşir. MMC-nin qanuni təmsilçisi Nəsrullayev Fuad Nazim oğludur. Fuad Nəsrullayevdən əvvəl şirkəti Əmirov Elnur Nəriman oğlu təmsil edib.
Həmçinin araşdırma zamanı o da məlum olub ki, “Kaspian Standart” MMC təkcə təmir işləri ilə məşğul deyil. Şirkət kitabların, dəftərxana və təsərrüfat mallarının satışı, regionlarda insan alveri probleminin sosial-psixoloji aspektlərinin öyrənilməsi, səbəblərinin müəyyənləşdirilməsi və yetkinlik yaşına çatmayanlar arasında narkotik və psixotrop maddələrdən istifadə dərəcəsinin qiymətləndirilməsinin aparılması məqsədilə araşdırma və təhlilin aparılması ilə də məşğuldur.
Lakin bir başqa məsələ də var. Belə ki, 2022-ci ildə “Kaspian Standart” MMC-nin adı dövlə satınalmaları ilə bağlı sənədlərin saxtalaşdırılmasında hallanıb. Həmin vaxt yayılan məlumatlarda qeyd edilir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dövlət satınalmalarında ciddi qanun pozuntusu ilə əlaqədar Baş Prokurorluğa müraciət edib. Müxtəlif dövlət qurumlarından daxil olmuş yekun protokollar təhlil edilərkən elektron satınalma vasitəsilə keçirilmiş açıq tenderlərdə iştirak üçün bəzi dövlət orqanları adından təqdim edilən sənədlərin sahibkarlar tərəfindən saxtalaşdırılmasına dair əsaslı şübhələr müəyyən edilib. Məlumatda sənədləri saxtalaşdıran şirkətlərin adları qeyd edilib. Siyahıda “Kaspian Standart” MMC-nin də adı var.
Tərəflərin də mövqeyini dərc etməyə hazırıq.
Fərda Uğur









