“Dövlətlərimiz arasında son dövrlərdə yaranmış bir gərginlik var və birmənalı olaraq Rusiyanın günahı ucbatından yaranıb. Bu ortamda Rusiya prezidentinin cənab İlham Əliyevə zəngi təbii ki, diqqət çəkir. Zəngin əsas məqsədi, belə görünür ki, Azərbaycanın atdığı addımlarla bağlıdır”.
Bu sözləri Tribuna.az-a millət vəkili Arzuxan Əlizadə deyib. Deputat bildirib ki, İranda yaranmış gərginlik fonunda ilk gündən Azərbaycan İran ərazisində olan müxtəlif ölkələrin vətəndaşlarının, o cümlədən Rusiya vətəndaşlarının Azərbaycan üzərindən təxliyə olunması üçün lazımi şərait yaradıb:
“Eyni zamanda, Rusiyanın İrana göndərdiyi maddi yardımlar da Azərbaycan ərazisindən keçməklə çatdırılıb. Bu atılan addımlar qarşısında Rusiya prezidentinin zəngi təbii görünməli idi. Təəssüflər olsun ki, Azərbaycanla münasibətlərin gərginləşməsi elə Rusiyanın lazımi məqamda məsələlərə doğru-düzgün yanaşmamasından qaynaqlanıb.
Bu, elə 2024-cü il dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin Rusiya hava məkanında vurulmasından sonra yaranmış gərginlikdir. Təəssüflər olsun ki, Rusiya hələ də bu məsələyə adekvat reaksiya bildirməyib. Baxmayaraq ki, ötən il oktyabrın 9-da Rusiya prezidenti Düşənbədə Azərbaycan prezidenti ilə görüş zamanı bu məsələnin qanun çərçivəsində çözüləcəyini, günahkarların cəzalandırılacağını, təzminat ödəniləcəyini və beynəlxalq müstəvidə ölkələrimiz arasındakı münasibətlərə uyğun addımların atılacağını vəd etmişdi. Amma bu günə qədər bu vədlər yerinə yetirilməyib. Əksinə, başlamış cinayət işinə də xitam verilib, təyyarənin vurulması ilə bağlı əmr verən cinayətkarlar cəzalandırılmayıb, təzminat ödənilməyib, digər prosedur qaydalarına da riayət edilməyib. Əvəzində Azərbaycan vətəndaşları, Azərbaycan əsilli Rusiya vətəndaşları Rusiya ərazisində təzyiqlərə məruz qalıb, bizim diaspor rəhbərləri həbs olunub, qətlə yetirilənlər olub, həmçinin həbslər zamanı deportasiya olunanlar da var. İş adamlarının əmlakına əl qoyulub və Rusiya bu dövr ərzində Azərbaycana qarşı aqressiya nümayiş etdirib”.
A.Əlizadə bildirib ki, iki ölkə arasında olanlara baxmayaraq Azərbaycan münasibətlərin normallaşmasında maraqlıdır:
“Rusiya Azərbaycan dövlətləri arasında 2022-ci il fevralın 22-də bağlanmış strateji müttəfiqlik haqqında sənəd var. Ancaq o sənədə də əməl olunmayıb, beynəlxalq hüququn prinsipləri pozulub. Rusiya qonşuluq münasibətlərinə xələl gətirəcək addımlar atıb dəfələrlə. Bütün bunların fonunda Rusiya prezidentinin zəngi diqqət mərkəzinə gəlir. Ümid edək ki, bundan sonraki dönəmdə Rusiya üzərinə düşənləri edəcək, adekvat münasibət sərgiləyəcək, vurulmuş hava gəmisi ilə bağlı təyyarəmizlə bağlı Rusiya öz üzərinə düşən bütün prosedurlara hüquqi müstəvidə ən azından riaəyət edəcək. Bütün bunlar münasibətlərin normallaşmasına apara biləcək addımlardır.
Rusiyanın ata biləcəyi elə addımlar var ki, onlar edilərsə, münasibətlər tezliklə normallaşar. Amma görünən odur ki, zəng Azərbaycanın attığı son addımlara – hümanitar yardımın çatdırılması, Rusiya vətəndaşlarının təxliyə edilməsi ilə bağlı olub. İstənilən halda gözləntilərimiz budur ki, münasibətlər normallaşmaq istiqamətində getsin”.
Nigar İxtiyarqızı









