Putin ilk dəfə atəşkəsə razılaşdı: ərazilər üzrə referendum gündəmdədir

Putin ilk dəfə atəşkəsə razılaşdı: ərazilər üzrə referendum gündəmdədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tribuna.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin ilk dəfə olaraq yekun sülh sazişi olmadan atəşkəsə razılıq verib. Bu barədə Axios nəşri ABŞ-dakı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Rusiya atəşkəsi siyasi nizamlanma üçün zəruri şərt kimi qəbul edib. Bu addım, mübahisəli ərazilərin taleyi ilə bağlı referendumun keçirilməsi ehtimalını da gündəmə gətirib və Kremlin əvvəlki mövqeyindən ciddi geri addım kimi qiymətləndirilir. Daha əvvəl Moskva yalnız yekun sülh razılaşmasından sonra atəşkəsin mümkün olduğunu bildirirdi.

Nəşr yazır ki, ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenski bazar günü Mar-a-Laqoda görüşməyi planlaşdırır. Bu görüşün ABŞ-ın Ukrayna üzrə sülh planının yekunlaşdırılması baxımından həlledici ola biləcəyi bildirilir. Tramp daha əvvəl Zelenski ilə yalnız razılaşma başa çatmağa yaxın olduqda üz-üzə görüşəcəyini açıqlamışdı.

ABŞ-ın yüksəkvəzifəli rəsmilərinin sözlərinə görə, Rusiya atəşkəsi gələcək siyasi addımlar, o cümlədən mübahisəli ərazilərlə bağlı referendumun keçirilməsi üçün zəruri mərhələ kimi qəbul edib. Bu isə Kremlin mövqeyində açıq dəyişiklik kimi dəyərləndirilir.

“Əvvəllər atəşkəsə qarşı çıxan rusiyalı rəsmilər indi etiraf edirlər ki, onsuz irəliləyiş mümkün deyil”, – deyə ABŞ rəsmisi bildirib.

Danışıqlar Milad günlərində də davam edib
Görüşə hazırlıq Trampın nümayəndələri — Stiv Uitkoff və Cared Kuşner — ilə Ukrayna və Rusiya tərəflərinin əsas danışıqlarçıları arasında Floridada keçirilən bir sıra qapalı görüşlərdən sonra baş tutub. Danışıqlar Milad bayramı günlərində də fasiləsiz davam edib.

Prezident Zelenski razılaşmalar üzərində intensiv iş aparıldığını təsdiqləyərək bildirib ki, tərəflər “günün 24 saatı” sülh prosesini real və etibarlı etmək üçün çalışırlar.

Kreml də təmasları təsdiqləyib. Prezident Putinin xarici siyasət üzrə köməkçisi Yuri Uşakovun amerikalı nümayəndələrlə danışıqlar apardığı açıqlanıb.

Hansı məsələlər üzrə razılıq var?

Mənbələrin məlumatına görə, ABŞ və Ukrayna gələcək razılaşmanın bir çox əsas elementləri, o cümlədən təhlükəsizlik zəmanətləri üzrə razılığa gəlib. Vaşinqton Ukrayna üçün təhlükəsizlik zəmanətləri haqqında sazişi Senata təqdim etməyə hazırdır. Sənəd NATO Nizamnaməsinin 5-ci maddəsi əsasında hazırlanıb.

“Əgər Rusiya yenidən Ukraynaya hücum edərsə, hərbi cavab veriləcək və sanksiyalar avtomatik bərpa olunacaq”, – deyə Zelenski bildirib.

Əsas mübahisə: Donbas və atəşkəsin müddəti
Danışıqlarda əsas fikir ayrılığı Donbasın gələcəyi ilə bağlıdır. Rusiya region üzərində tam nəzarət tələb edir. ABŞ isə kompromis variant kimi ərazilərin bir hissəsində demilitarizasiya olunmuş “azad iqtisadi zona” yaradılmasını təklif edib.

Ukrayna isə qoşunların simmetrik şəkildə geri çəkilməsini və bundan sonra referendumun keçirilməsini tələb edir.

Eyni zamanda atəşkəsin müddəti ilə bağlı da fikir ayrılığı qalmaqdadır. Kiyev 60 günlük atəşkəsdə israr edir, Moskva isə daha qısa müddət tələb edə bilər.

Sülh danışıqları – son vəziyyət

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova daha əvvəl ABŞ-la aparılan danışıqlarda “yavaş, lakin sabit irəliləyiş” müşahidə olunduğunu bildirmişdi.

Bununla belə, The New York Times nəşri Kremlin yenilənmiş sülh planını qəbul etməsinin çətin olduğunu yazır. Nəşrə görə, Vladimir Putin ordunun cəbhədəki “uğurları” fonunda daha sərt mövqe tutur və sülh planının bəzi müddəaları Rusiya ictimaiyyətində mənfi qarşılan bilər.

İmran Kərimli