İsraildə 1915-ci il hadisələrinin “erməni soyqırımı” kimi tanınması məsələsi Azərbaycanı ciddi şəkildə narahat etdi. Çünki qardaş Türkiyənin maraqları Azərbaycan üçün hər zaman prioritet olub və bu məsələ bizim üçün həmişə “qırmızı xət”dir.
Tribuna.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Haber Global”a açıqlamasında deyib.
Bu məsələ ortaya çıxan kimi cənab Prezidentin tapşırığı ilə Azərbaycan intensiv diplomatik fəaliyyətə başladı. İsrail tərəfinə də mesajlarımızı çatdırdıq ki, belə bir qərarın qəbul edilməsi, ilk növbədə, ədalətsizdir, tarixi reallığı əks etdirmir və biz onun qəbulunu düzgün hesab etmirik. Müsbət hal ondan ibarətdir ki, İsrail tərəfi də Azərbaycanın bu mesajlarını ciddi qəbul etdi. Hesab edirik ki, bunun daha da irəliləməsinin qarşısı alındı. Bizim qənaətimizə görə, bu, heç bir halda tarixi reallığı əks etdirməyən, tamamilə ədalətsiz bir addım olardı”, – Hikmət Hacıyev vurğulayıb.
O qeyd edib ki, Türkiyənin olmadığı masada Azərbaycan, Azərbaycanın olmadığı masada isə Türkiyə var.
“Ölkələrimizin maraqlarına qarşı atılan hər bir addıma qətiyyətlə cavab veririk və bundan sonra da verəcəyik”, – Hikmət Hacıyev əlavə edib.
Qeyd edək ki, İsrail hökuməti ermənilərin 1915-ci il hadisələrinin “soyqırımı” kimi tanınmasına dair təşəbbüsün irəlilədilməsi prosesini dayandırıb. Azərbaycanın təzyiqindən sonra “erməni soyqırımı”nın tanınması məsələsi İsrail Knessetinin gündəliyindən çıxarıb.









