Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu 13-cü Sessiyası Azərbaycanın beynəlxalq nüfuzunu və qlobal proseslərdə artan rolunu bir daha nümayiş etdirir. Forumun açılış mərasimində Prezident İlham Əliyev tərəfindən səsləndirilən fikirlər bir daha onu göstərdi ki, Azərbaycanda şəhərsalma siyasəti uzunmüddətli strateji baxışa əsaslanır. Bu siyasətin mərkəzində isə insan amili, milli irsin qorunması, müasir inkişaf prinsipləri və dayanıqlı gələcək dayanır.
Bu sözləri Tribuna.az-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.
Onun sözlərinə görə, Azərbaycanın qədim şəhər mədəniyyətinə malik ölkədir:
“Tarix boyu Qəbələ, Gəncə, Naxçıvan, Şamaxı və digər şəhərlər regionun mühüm siyasi, iqtisadi və mədəni mərkəzləri kimi formalaşıb. Bu şəhərlərin hər biri Azərbaycanın zəngin memarlıq irsini, yüksək şəhər mədəniyyətini və ictimai təşkilatlanma ənənələrini özündə əks etdirir. Tarixi mənbələr göstərir ki, Azərbaycan şəhərləri əsrlər boyu yalnız yaşayış məkanları deyil, həm də ticarətin, elmin, sənətin və mədəniyyətin inkişaf etdiyi mühüm mərkəzlər olub.
Azərbaycanın urbanizasiya tarixində XIX əsrin ikinci yarısından başlayan mərhələ isə xüsusi əhəmiyyət daşıyır. Xüsusilə neft sənayesinin inkişafı ilə Bakı dünyanın sürətlə inkişaf edən sənaye və urbanizasiya mərkəzlərindən birinə çevrildi”.
S.Salmanova bildirib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva hər zaman şəhərsalma məsələlərini daim diqqətdə saxlayırlar, bu istiqamətdə ardıcıl, məhsuldar siyasət həyata keçirirlər:
“Azərbaycanda şəhərsalma siyasəti yalnız tikinti prosesi deyil, sosial rifahın yüksəldilməsi, ekoloji təhlükəsizliyin təmin olunması, müasir infrastrukturun qurulması və tarixi-mədəni irsin qorunması kimi strateji istiqamətləri özündə birləşdirir. Son illərdə ölkənin müxtəlif bölgələrində həyata keçirilən abadlıq və yenidənqurma layihələri, yol-nəqliyyat infrastrukturunun yenilənməsi, yeni ictimai məkanların yaradılması, parkların və yaşıllıq zonalarının genişləndirilməsi bu siyasətin ardıcıl şəkildə həyata keçirildiyini göstərir. Dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanın şəhər və rayonlarında həyata keçirilən layihələr ölkənin müasir simasının formalaşmasına mühüm töhfə verir.
Eyni zamanda, Birinci vitse-prezidentin təşəbbüsləri ilə tarixi və mədəni irsin qorunması istiqamətində mühüm addımlar atılır, memarlıq abidələrinin bərpası və milli irsin yaşadılması istiqamətində ardıcıl işlər görülür”.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin WUF13-ün açılış mərasimindəki çıxışında toxunduğu əsas mövzulardan biri də işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri idi:
“Bu gün Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirilən layihələr müasir şəhərsalma siyasətinin ən mühüm nümunələrindən biri hesab olunur. Uzun illər ərzində tamamilə dağıdılmış şəhər və kəndlər yenidən qurulur, yeni yaşayış məntəqələri salınır, müasir infrastruktur yaradılır. Burada tətbiq olunan yanaşmanın əsas xüsusiyyəti ondan ibarətdir ki, bərpa prosesi müasir urbanizasiya prinsiplərinə uyğun şəkildə həyata keçirilir. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi, yaşıl enerji texnologiyalarından istifadə, ekoloji tarazlığın qorunması və milli memarlıq elementlərinin yaşadılması Azərbaycanın şəhərsalma modelini fərqləndirən əsas xüsusiyyətlərdəndir.
Bu gün azad olunmuş ərazilərdə aparılan quruculuq işləri təkcə Azərbaycanın deyil, bütövlükdə regionun ən böyük inkişaf layihələrindən biri kimi qiymətləndirilir.
Azərbaycanın şəhərsalma sahəsində nümayiş etdirdiyi bu yanaşma ölkəmizin beynəlxalq nüfuzunda da özünü göstərir. Dünyanın müxtəlif bölgələrində münaqişələrin, müharibələrin və humanitar böhranların dərinləşdiyi bir dövrdə Azərbaycanın COP29 və WUF13 kimi mühüm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi xüsusi diqqət çəkir. Bu, Azərbaycanın təhlükəsiz, sabit və etibarlı dövlət kimi beynəlxalq aləmdə qazandığı nüfuzunun göstəricisidir”.
Nigar İxtiyarqızı









