Prezident İlham Əliyevin Şuşada keçirilən IV Qlobal Media Forumunda səsləndirdiyi fikirlər Ermənistanda diqqətlə izlənilir.
Tribuna.az xəbər verir ki, son iki gündə qonşu ölkənin mediası və siyasi cameəsi dövlət başçısının hər cümləsini təhlil edir.
Erməni ekspert Qaqik Hambaryan isə bununla bağlı açıqlamasında bildirib ki, Prezident İlham Əliyev Forumda bir çox həqiqətləri açıqlayıb. Onun sözlərinə görə, Azərbaycanın dövlət başçısı Ermənistanın baş naziri Nikol Paşinyanın yalanlarını da üzə çıxarıb. “Dünən Şuşada Prezident İlham Əliyev Nikol Paşinyanın yalanlarını ifşa etdi. O dedi ki, Minsk Qrupu Qarabağı onlardan almaq istəyirdi. Görün, Paşinyan nə qədər yalançıdır. Halbuki o, Minsq Qrupunun Qarabağı Azərbaycana qaytardığını iddia edirdi”.
Deputat Tiqran Abrahamyan da bu mövzuya toxunub. O bildirib ki, əsas beynəlxalq aktyorlar Qarabağın öz müqəddəratını təyin etmək hüququnu dəstəkləyib. “İllərdir bu istiqamətdə danışıqlar aparılıb və Paşinyan hökuməti bu yanaşmanı rədd edərək Qarabağı Azərbaycana təhvil verib”.
Fərda Uğur









