Böyük ehtimalla, İranda baş verənlərə xarici müdaxilə hərbi və polis mərkəzlərinə raket zərbələri şəklində olacaq.
Tribuna.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu İranda baş verənləri dəyərləndirərkən deyib. O bildirib ki, hadisələrin gedişatı göstərir ki, İran Prezidenti Məsud Pezeşkian vəziyyətə nəzarəti tam itirib:
“Onun etirazın ilk günlərində “dialoq quraq” və “etirazçılara atəş açmayın” çağırışlarını eşidən olmadı.
İslam Keşikçiləri Koprusu öz bildiyini edir, əmr ali dini lider və azğınlaşmış generallardan gəlir.
Onların itirəcəyi heç nə yoxdur, ona görə “öldür” əmri veriblər. qətliamın miqyası genişlənib.
Məsud Pezeşkianın yeni açıqlamasının da əhəmiyyəti yoxdur. O yenə deyib ki, vətəndaşların dinc şəkildə etiraz etmək hüququ var və hökumət xalqın səsini dinləməyə hazırdır. Pezeşkian bunun ardınca, “eyni zamanda zorakılıq və iğtişaşların qəbuledilməzdir və bu cür hallara qarşı sərt tədbirlər görüləcək”. İnsanlara atəş açanlar dinc etirazçılarla iğtişaşçılar arasında fərq qoymur, ölənlər arasında hər ikisi var. Dialoq imkanları tükənib, növbədə xarici müdaxilədir”.
Politoloq qeyd edib ki, böyük ehtimalla, xarici müdaxilə hərbi və polis mərkəzlərinə raket zərbələri şəklində olacaq.
Nigar İxtiyarqızı









