“İran və Azərbaycan Respublikası dərin mədəni, dil, dini və tarixi əlaqələrə malik iki qonşudur və bu əlaqələr davamlı regional əməkdaşlığın formalaşmasının əsas sütunlarına çevrilə bilər”.
Tribuna.az xəbər verir ki, bu sözləri iranlı politoloq Hadi Dadgar “Təsnim” Agentliyi üçün yazdığı məqaləsində qeydd edib.
Onun sözlərinə görə, Tehran və Bakının ortaq maraqlarını və strateji imkanlarını yenidən nəzərdən keçirmək hər zamankından daha vacibdir. “Qaz mübadiləsi ilə bağlı son razılaşma təkcə enerji sazişi deyil, həm də hər iki ölkənin regionun enerji təhlükəsizliyində bir-birini tamamlayan rol oynaya biləcəyini göstərir. İran cənuba enerji nəqli üçün əlverişli marşrut, Azərbaycan isə Avropaya və Qara dəniz bölgəsinə açılan əsas qapıdır”.
O qeyd edib ki, İranın Azərbaycan marşrutu vasitəsilə Şimali Qafqaz, Rusiya və Şərqi Avropaya qoşulmaqda ciddi üstünlüyü var və Azərbaycanın Fars körfəzi, İraq, Səudiyyə Ərəbistanı və Hind okeanına birbaşa çıxışı üçün İran ərazisinə ehtiyacı var. “Hər iki ölkə başa düşür ki, birini aradan qaldıran istənilən alternativ marşrut digərini zəiflədəcək”.
Dadgar vurğulayıb ki, Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Ərdəbil iki ölkə arasında ən böyük körpüyə çevrilə bilər. “Yerli bazarlar, regional ticarət, universitetlər, xəstəxanalar, sərhəd şəhərləri və turizm marşrutları geniş sosial və iqtisadi əməkdaşlıq üçün məkan yarada bilər”.
İranlı ekspert daha sonra yazıb ki, İran regionda ucuz və yüksək keyfiyyətli müalicə mərkəzlərindən biridir və Azərbaycandan hər il bir çox xəstə tibbi, cərrahi və kosmetik xidmətlər üçün İrana səyahət edir. “Bu imkan iqtisadi olmaqla yanaşı, insanlar arasında davamlı ünsiyyət üçün də əsas yaradır”.
O hesab edir ki, Araz çayı təkcə təbii sərhəd deyil, həm də birgə inkişaf layihəsi ola bilər. “Xəzər dənizində gəmiçilik, balıqçılıq, enerji və ətraf mühit sahələrində əməkdaşlıq regional sabitliyin artmasına səbəb ola bilər”.
Dadgar vurğulayıb ki, İran və Azərbaycan arasındakı hər hansı bir gərginlik yalnız regionun davamlılığını pozmağa və müsəlman xalqları arasında uçurum yaratmağa çalışan aktyorlara fayda verir. “İki ölkə arasında əməkdaşlıq təkcə iqtisadi deyil, həm də qeyri-sabitlik yaradan planlara qarşı bir maneədir”.
O yekunda bildirib ki, İran və Azərbaycan arasındakı münasibətlər müvəqqəti seçim deyil, geosiyasi, iqtisadi və mədəni zərurətdir. “Ortaq maraqları düzgün müəyyən edib idarə etsələr, bu qədər ortaq cəhətləri olan iki ölkə Qafqazda və Yaxın Şərqin şimalında sabitlik və əməkdaşlığın ən vacib oxuna çevrilə bilər”.
Fərda Uğur









