Pol Qobl: “ABŞ Azərbaycanı regionda mühüm oyunçu kimi görür”

Pol Qobl: “ABŞ Azərbaycanı regionda mühüm oyunçu kimi görür”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın ən məşhur politoloqlarından olan Pol Qobl maraqlı açıqlamalar verib.

Tribuna.az xəbər verir ki, o, Qafqazda baş verən son hadisələrlə bağlı müşahidələrini bölüşüb.

Qobl bildirib ki, ABŞ-ın vitse prezidenti Cey Di Vensin Yerevan və Bakıya səfəri təntənəli mərasim deyil, dəstək siqnalıdır. Onun sözlərinə görə, həm Ermənistan, həm də Azərbaycan ABŞ üçün getdikcə daha vacib hala gəlir. “Çünki hər iki ölkə Moskvadan uzaqlaşıb TRIPP-i dəstəkləyir”.

Məşhur politoloq vurğulayıb ki, ABŞ-ın İrana hücumu Qafaqaz üçün ciddi problemlər yarada bilər. “İran ətrafındakı gərginlik şübhəsiz ki, Cənubi Qafqaza yayılacaq. Vitse-prezident İrəvana və Bakıya hər iki tərəfi ABŞ-ın dəstəyinə əmin etmək və seçdikləri yolu təşviq etmək üçün gəlib”.

Pol Qobl bildirib ki, ABŞ hazırda Azərbaycanı regionda mühüm oyunçu kimi görür. “ABŞ artıq Bakını sadəcə postsovet məkanının bir hissəsi hesab etmir”.

Onun sözlərinə görə, Azərbaycanın rəsmi olaraq öz ərazisindən İrana hücum üçün istifadəyə icazə verməyəcəyini bildirib. “Bu mövqe Bakının realizm əlamətidir. ABŞ-nin İrana qarşı hər hansı bir hücumu daxili qeyri-sabitlik, Cənubi Azərbaycanda milli azadlıq hərəkatının başlanması və Azərbaycana qaçqın axını kimi nəticələrə səbəb ola bilər. ABŞ bu məsələlərə dair Bakının baxışını bilmək istərdi”.

Pol Qobl hesab edir ki, Ermənistanın əhəmiyyəti müstəqil oyunçu statusundan daha çox TRIPP dəhlizindəki rolundan qaynaqlanır. “Həm Azərbaycan, həm də Ermənistan teokratik deyil, dünyəvi ölkələrdir. Buna görə də İranda dəyişikliklər baş verərsə, onlar çox güman ki, ABŞ-nin tərəfini tutacaqlar”.

Fərda Uğur