Bakı Ağır Cinayətlər Məhkəməsində “Azenco”nun keçmiş Müşahidə Şurasının sədri Vüqar Əliyev cinayət işi üzrə məhkəmə prosesi keçirilir.
Tribuna.az xəbər verir ki, Vüqar Əliyev 3 milyon manatlıq mənimsəmədə ittiham olunur. O, ittihamla razı deyil, həbsinin arxasında “Azərenerji” ASC-nin sabiq rəhbəri Etibar Pirverdiyevin dayandığını iddia edir.
“Onun mənə olan qəzəbinin səbəbini hələ də anlaya bilmirəm”, – deyə Vüqar Əliyev hakim qarşısında deyib. İttihama görə, Vüqar Əliyev “Azenco”da fəaliyyət göstərdiyi dövrdə 3 milyon manatdan artıq vəsaiti mənimsəyib. O, Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda mənimsəməni nəzərdə tutan 179.4-cü maddəsi ilə mühakimə olunur. Bu maddə üzrə maksimum 14 il həbs cəzası nəzərdə tutulur.
Vüqar Əliyev məhkəmədə deyib ki, başlanğıcda ittihamın həcmi xeyli az olub və sonradan ağırlaşdırılıb. İş üzrə ilk mühüm qərarlardan biri prosesin qapalı keçirilməsi oldu.
Dövlət ittihamçısı bunu kommersiya sirri təşkil edən məlumatların açıqlanması riski ilə əsaslandırdı. Müdafiə tərəfi isə mənimsəmə işlərinin adətən açıq araşdırıldığını bildirərək etiraz etdi. Məhkəmə dövlət ittihamçısının mövqeyini qəbul etdi.
2000-ci illərin ortalarından etibarən “Azenco” Azərbaycanın ən iri dövlət sifarişlərini həyata keçirən şirkətlərdən biri idi. Energetika obyektləri, iri infrastruktur layihələri, Dövlət Bayrağı Meydanı və Bakı Kristal Hall kimi simvolik tikililər onun portfelində yer alırdı.
Etibar Pirverdiyev 2001–2018-ci illərdə “Azərenerji”yə rəhbərlik edib və Azərbaycanın enerji sektorunun ən nüfuzlu fiqurlarından biri sayılıb. 2018-ci ildə Mingəçevir İstilik Elektrik Stansiyasında baş verən və ölkə üzrə genişmiqyaslı elektrik kəsintisinə səbəb olan qəzadan sonra o, vəzifəsindən azad edilmişdi. İllərdir müxtəlif mediada “Azenco” ilə Etibar Pirverdiyev arasında əlaqələrə dair iddialar səsləndirilsə də, sabiq qurum rəhbəri bu mövzuda açıqlama verməyib. İyulun 27-də başlayacaq qapalı məhkəmə prosesində bu iş üzrə əsas sübutlar və ifadələr araşdırılacaq.
Musavat.com









