Pezeşkian istefa məktubu yazıb?

Pezeşkian istefa məktubu yazıb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər İran Prezidenti Məsud Pezeşkianın öz vəzifəsindən istefa vermək qərarına gəldiyi barədə sosial mediada və bəzi mətbu orqanlarda məlumatlar dolaşır.

Tribuna.az xəbər verir ki, bu məlumatların əsasən İranın xaricdəki müxalifət nəşri olan “Iran International” kanalından qaynaqlandığı məlum olub.

“Iran International” özünün İrandakı “məlumatlı mənbələrinə” istinadla xəbər yayıb ki, Məsud Pezeşkian Ali Rəhbər Müctəba Xameneiyə istefa vermək üçün icazə istədiyi məktub yazıb.

Məlumatda deyilir ki, Pezeşkian bu qərarını İrandakı mövcud siyasi vəziyyətlə, xüsusən də ölkədə hakimiyyətin İslam İnqilabı Keşikçiləri Korpusunun(SEPAH) nəzarətinə keçməsi və prezident administrasiyasının müharibənin başlanğıcından bəri əsas qərar qəbuletmə proseslərindən tamamilə təcrid olunması ilə izah edib.

Lakin rəsmi Tehran Pezeşkianın istefası ilə bağlı məlumatları təkzib edir. İran Prezident Administrasiyasının kommunikasiya şöbəsinin müdir müavini Mehdi Təbatəbai Pezeşkianın istefası ilə bağlı şayiələri rədd edərək, bu açıqlamaları xarici medianın təxribatı kimi qələmə verib və deyib ki, Prezident “xalqa xidmət etməkdən geri çəkilməyəcək”.

İranın “Tasnim” Xəbər Agentliyi məlumat yayaraq qeyd edib ki, “Iran International” İran əleyhinə media orqanıdır, Pezeşkian və digərləri haqqında yalanlar hazırlayaraq yaymaqla məşğuldur. Agentliyin mənbəyinə görə, İran Prezidenti istefa verməyib və adi qaydada işini davam etdirir.