27 avqustdan etibarən 2026/2027-ci tədris ili üzrə peşə təhsili müəssisələrində boş qalan plan yerlərinə tələbə qəbulunun II mərhələsinə start verilir.
Tribuna.az xəbər verir ki, II mərhələ çərçivəsində müraciətçilər elektron qaydada www.portal.edu.az platforması üzərindən müraciət edə bilərlər. Boş qalan plan yerlərinə sənəd qəbulu 3 sentyabr saat 18:00-dək davam edəcək.
Məlumata görə, 2026/2027-ci tədris ili üzrə qəbulun II mərhələsi 69 peşə təhsili müəssisəsində 149 ixtisas üzrə 12 766 plan yeri əsasında həyata keçiriləcək. Həmin plan yerlərindən 7 647-si dövlət vəsaiti hesabına nəzərdə tutulub.
Peşə təhsili müəssisələrinə ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər müraciət edə bilərlər. Eyni zamanda, qəbulun I mərhələsində uğurlu nəticə göstərməyən şəxslər də II mərhələdə iştirak edərək ixtisas seçimi edə biləcəklər. I mərhələdə ümumiyyətlə iştirak etməyən şəxslər üçün də boş qalan plan yerlərinə müraciət imkanı yaradılıb.
Qeyd edək ki, peşə təhsili müəssisələrinə qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərin orta balı əsasında aparılır. Hər bir müraciətçiyə maksimum 5 ixtisas seçmək imkanı verilir.
Müsabiqədən uğurla keçən şəxslər növbəti mərhələdə qəbul olunduqları peşə təhsili müəssisəsinə müraciət edərək tələb olunan sənədləri təqdim etməlidirlər.
Xatırladaq ki, 2026/2027-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə tələbə qəbulunun I mərhələsi 23 iyul–10 avqust tarixlərində keçirilib. Həmin mərhələdə 78 peşə təhsili müəssisəsində 149 ixtisas üzrə 33 120 plan yeri təqdim olunub.
I mərhələdə peşə təhsili müəssisələrinə qəbul olunan namizədlərdən 18 084 nəfər sənədlərini qəbul olunduqları müəssisələrə təqdim edib.









