Respublika Perinatal Mərkəzində yanğınla bağlı məhkəmə prosesində cinayət işi üzrə sənədlər tədqiq olunub.
Tribuna.az -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hadisə anına dair müşahidə kameralarının qeydə aldığı videolar izlənilib.
Həmin videoda mərkəzdə içərisində yenidoğulmuş körpənin olduğu küvəzin yandığı müşahidə olunub. Təqsirləndirilən Mehriban Abasquliyeva həmin videogörüntüyə münasibət bildirərkən deyib ki, həkim küvəzin yandığını görsə də, körpəni oradan çıxarmağa cəhd etməyib. O, həmin küvəzdən körpəni sonradan sanitar işçinin çıxardığını söyləyib.
Həmçinin videogörüntü şərh edilərkən bildirilib ki, mərkəzin həkimi Leyla Abdullayeva yeni doğulmuşların olduğu otağı tərk edərək divanda yatmağa gedib.
İçəridə olan həkim Validə Əliyevanın isə başının şöbədə olan sənədləri vərəqləməyə qarışdığı bildirilib.
Səsləndirilən videogörüntüdə qeyd olunub ki, Respublika Perinatal Mərkəzin həkimləri qaydanı pozaraq gecə saatlarında növbətçi olduqları palatanı tərk ediblər.
Həmçinin müşahidə kamerasının qeydə aldığı videogörüntüdən aydın olur ki, növbədə olan digər həkim Validə Əliyeva küvəzdə baş verən yanğını gec görüb.
Proses məhkəmənin hazırlıq iclasında baxılmamış saxlanılan, eləcə də cari iclas zamanı verilən vəsatətlərin baxılması ilə davam edib.
Belə ki, təqsirləndirilən tərəf əvvəlki iclaslarda verdiyi vəsatətlərin birində bir neçə nəfər zərərçəkənin cinayət işi üzrə zərərçəkmiş statusuna xitam verilməsi istəyib. Bildirilib ki, onlar tibb işçisi olub və özlərini zərərçəkən hesab etmirlər.
Hakim sözügedən vəsatətə müşavirə otağında qiymət veriləcəyini bildirib.
Qeyd edək ki, 2024-cü il yanvarın 9-da Respublika Perinatal Mərkəzində PHŞ-nin inzibati binasında baş vermiş yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.
İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yeni doğulmuş körpə ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.
Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib./Report









