“Son beş ildə pensiya yaşına çatmadan vəfat edən kişilərin sayının 88 min 100 nəfərə çatmasının əsas səbəblərindən biri COVID-19 pandemiyasının yaratdığı ağır nəticələr olub”.
Bunu iqtisadçı Xalid Kərimli Qaynarinfo-ya açıqlamasında son beş ilin statistik göstəricilərini şərh edərkən deyib.
Ekspert bildirib ki, xüsusilə pandemiya dövründə pensiya yaşına çatmadan vəfat edən kişilərin sayında ciddi artım qeydə alınıb:
“Bu artımın əsas səbəbi pandemiyanın təsirləri idi. Hazırda isə pensiya yaşına çatmadan ölən kişilərin sayında azalma müşahidə olunur. Bu, pandemiyanın təsirlərinin aradan qalxması ilə bağlı müsbət tendensiyadır”.

Xalid Kərimli statistikada başqa bir vacib məqama da diqqət çəkib.
Onun sözlərinə görə, ölüm səbəbləri açıqlanmadığından rəqəmləri daha dərindən təhlil etmək mümkün olmur:
“Kişilərin hansı səbəbdən vəfat etdiyi açıqlanmır. Əgər bu məlumatlar açıq olsaydı, statistikanı daha dəqiq təhlil etmək mümkün olardı”.
İqtisadçı hesab edir ki, insanların əmək qabiliyyətinin ən məhsuldar dövründə həyatını itirməsi təkcə ailələr üçün deyil, ölkə iqtisadiyyatı üçün də ciddi itkidir:
“Söhbət yalnız 65 yaşına çatmayan şəxslərdən getmir. Bu statistikanın içərisində 25-55 yaş arasında vəfat edənlər də var. Onların əksəriyyəti təcrübəli, əmək bazarında fəal insanlar idi. Belə itkilər iqtisadiyyat üçün də ciddi nəticələr yaradır. Bundan başqa, 2021-ci ildə Vətən müharibəsindən sonrakı dövrdə şəhidlərimizin olması da statistikaya müəyyən təsir göstərib. İnsanların vaxtından əvvəl dünyasını dəyişməsi hələ də aktual problemdir”.
Xalid Kərimli əlavə edib ki, Azərbaycanda kişilərin orta ömür uzunluğu təxminən 74 yaşdır. Pensiya yaşı isə 65 olduğundan kişilər orta hesabla cəmi doqquz il pensiya ala bilirlər.
Qeyd edək ki, açıqlanan rəsmi statistikaya əsasən, son beş ildə pensiya yaşına (65 yaş) çatmadan vəfat edən kişilərin sayı 88 min 100 nəfər təşkil edib.
2020-ci il – 21 331 nəfər
2021-ci il – 18 922 nəfər
2022-ci il – 15 872 nəfər
2023-cü il – 16 694 nəfər
2024-cü il – 15 281 nəfər









