Paşinyan və rəqibləri xalqa NƏ vəd edir ?

Paşinyan və rəqibləri xalqa NƏ vəd edir ?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda bazar günü keçiriləcək parlament seçkiləri son illərin ən mühüm siyasi hadisəsi hesab olunur. Bu seçkilər təkcə hakimiyyət uğrunda mübarizə deyil, həm də ölkənin gələcək geosiyasi istiqamətinin müəyyən olunmasında ciddi rol oynayacaq. Əsas mübarizə Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyası ilə sabiq prezident Robert Köçəryan və iş adamı Samvel Karapetyanın təmsil etdiyi müxalif düşərgə arasında gedir.

Paşinyan Karapetyanla Köçəryanı geridə qoydu | Modern.az

Məlumat üçün bildirək ki, Ermənistanda rəsmi seçki kampaniyası seçkidən 30 gün əvvəl başlayır və səsvermədən bir gün əvvəl başa çatır. Yəni 7 iyun seçkiləri üçün kampaniya mayın əvvəlində start götürüb və 6 iyun saat 00:00-da yekunlaşır. Bir sözlə, sabah gecə saatlarında Ermənistan sükuta qərq olacaq. Bu müddətdə açıq təşviqat, mitinqlər, reklam çarxları və yeni təbliğat materiallarının yayılması qadağan edilir.

Paşinyan seçki kampaniyasını əsasən üç istiqamət üzərində qurub: Azərbaycanla sülh gündəliyi, Qarabağ məsələsinin bağlanması, Türkiyə ilə sərhədlərin açılması. Paşinyan həmçinin, Avropa İttifaqı və ABŞ ilə münasibətlərin dərinləşdirilməsini əsas prioritet kimi təqdim edir və Rusiyadan asılılığın azaldılmasını vacib sayır. “Real Ermənistan” konsepsiyası da baş nazir üçün əsas xəttdir. Hökumət başçısı ölkəsinin mövcud sərhədlər daxilində inkişaf etməli olduğunu vurğulayır.

Qərb-Ermənistan-Rusiya üçbucağı: Bəyanatlar yalan, rəqəmlər real - TƏHLİL

Köçəryanın rəhbərlik etdiyi “Hayastan” bloku isə seçki kampaniyasını daha çox təhlükəsizlik mövzusu üzərində qurub. O, Paşinyanı “Qarabağın itirilməsi”ndə günahlandırır. Eyni zamanda, Moskva ilə strateji tərəfdaşlığın bərpasını müdafiə edir və Ermənistanın təhlükəsizliyinin yalnız Rusiya ilə yaxın əməkdaşlıq sayəsində təmin oluna biləcəyini vurğulayır. Köçəryana görə, Paşinyan sülh adı altında güzəştlərə gedir, Ermənistan isə daha sərt və təcrübəli rəhbərliyə ehtiyac duyur.

Karapetyanın “Güclü Ermənistan” blokuna gəlincə, seçkilərin ən diqqətçəkən yeni qüvvəsinə çevrilib. O da seçki təbliğatını Ermənistan-Rusiya münasibətlərinin bərpası, iqtisadi inkişaf və investisiyalar, erməni Apostol Kilsəsinin müdafiəsi, milli-mühafizəkar dəyərlər, Paşinyanın xarici siyasət kursuna alternativ təqdim edilməsi kimi tezislər üzərində qurub. Karapetyan Köçəryandan fərqli olaraq, özünü “böhran meneceri” kimi təqdim edir. Bununla belə, həm Qərb analitikləri, həm də Paşinyan tərəfdarları onu Kremlin Ermənistandakı əsas siyasi layihələrindən biri kimi dəyərləndirir. Əslində isə 7 iyun seçkiləri üç siyasi xəttin toqquşmasıdır:

Paşinyan: Sülh sazişi + Qərbə inteqrasiya.

Köçəryan: Təhlükəsizlik + Rusiyaya dönüş.

Karapetyan: İqtisadi güc + Rusiya ilə balanslı, yaxın münasibətlər.

Cavanşir Abbaslı
Musavat.com