“Mən ictimaiyyətə müharibədən əvvəl Qarabağ danışıqları prosesi ətrafında yaranmış vəziyyətlə bağlı danışmadım. Çünki o vaxt vəziyyəti dəyərləndirdiyim üçün lazımi fakt və arqumentlərim yox idi”.
Tribuna.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
O bildirib ki, məsələni araşdırmaq üçün keçmiş xarici işlər nazirlərindən biri ilə danışıb. “Keçmiş XİN başçısı ilə danışdım. Gördüm ki, o nağıl danışır. Ona görə də, müzakirəni dayandırdım”.
Paşinyan bildirib ki, Qarabağ məsələsi hələ 1996-cı ildə həlll olunub. “1996-cı ildə Dağlıq Qarabağ məsələsi həll olunub. Sadəcə olaraq, bu barədə bizə heç kim deməyib”.
O hesab edib ki, Qarabağ məsələsini saxlamaqda məqsəd Ermənistanı, müəyyən qədər də Azərbaycanı tələyə salmaq idi.
Paşinyan bildirib ki, indiyə qədər aparılan danışıqlarda məqsəd heç vaxt Dağlıq Qarabağ məsələsini həll etmək olmayıb. “Əksinə, məqsəd Ermənistanı müstəqil respublika olmaq imkanından məhrum etmək olub”.
Ermənistanın baş nazirinin sözlərinə görə, bütün həll paketləri Qarabağın hazırkı statusunun ləğvini nəzərdə tuturdu. “Referendum məsələsi o deməkdir ki, Qarabağ üçün heç bir status nəzərdə tutula bilməzdi. Sənədlərdə açıq yazılıb ki, Dağlıq Qarabağ öz müqəddəratını təyinetmə hüququndan istifadə etməli və Azərbaycan daxilində özünüidarə statusu almalıdır”.
Paşinyan yekun olaraq qeyd edib ki, Ermənistan tərəfi statusu gələcək referendumla müəyyən etməyə razılaşmaqla, məsələni Azərbaycanın xeyrinə həll edib. “Bu o deməkdir ki, 1991-ci il dekabrın 10-da keçirilən referendum da eyni vaxtda ləğv edilib”.
Fərda Uğur









