Ölkədə ailə böhranı dərinləşir, komitə isə…

Ölkədə ailə böhranı dərinləşir, komitə isə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda ailə institutunda müşahidə olunan geriləmə ilə bağlı narahatlıq artır.

Tribun.az xəbər verir ki, sabiq deputat Etibar Əliyev məsələ ilə bağlı narahatlığını bildirərkən qeyd edib ki, rəsmi tədbirlərdə səslənən fikirlər mövcud reallıqla uzlaşmır.

Onun sözlərinə görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən keçirilən “Dayanıqlı inkişaf: Ailə, qadın və uşaq siyasəti” mövzusunda konfransda səslənən fikirlər fonunda ölkədə ailə siyasətində geriləmə açıq şəkildə hiss olunur:

“Komitə sədri Bahar Muradova deyir ki, güclü ailə olmadan sağlam cəmiyyət qurmaq mümkün deyil. Bu fikir doğrudur, amma reallıq tam fərqlidir. Biz bu gün ailə institutunun zəiflədiyini açıq şəkildə görürük”.

Etibar Əliyev qeyd edib ki, statistik göstəricilər də vəziyyətin ciddiliyini təsdiqləyir:

“2011-ci ildə Azərbaycanda 88 min 145 nikah qeydə alınmışdı. 2025-ci ildə bu rəqəm 48 min 546-ya düşüb. Bu, təxminən 45 faiz azalma deməkdir”.
O bildirib ki, boşanmaların sayı isə əksinə, artmaqdadır:
“Əvvəllər hər 8 nikaha 1 boşanma düşürdüsə, indi bu nisbət kəskin dəyişib. 2025-ci ildə artıq hər 2 nikaha 1 boşanma düşür. Bu, çox ciddi siqnaldır”.

Sabiq deputat əlavə edib ki, 2026-cı ilin ilk aylarının statistikası da vəziyyətin ağırlaşdığını göstərir:

“Yanvar-fevral aylarında 5250 nikaha qarşı 3376 boşanma qeydə alınıb. Bu isə onu göstərir ki, proses davam edir və daha da dərinləşir”.

Onun sözlərinə görə, dayanıqlı inkişaf anlayışı yalnız iqtisadi göstəricilərlə ölçülməməlidir:

“Dayanıqlı inkişaf gələcək nəsillərin maraqlarını qorumaq deməkdir. Əgər biz ailə institutunu qoruya bilmiriksə, deməli bu sahədə ciddi problemlər var və real islahatlara ehtiyac duyulur”.

Gülşən Rəsul