Bakı və Göyçayda soyğunçuluqla məşğul olan şəxs həbs edilib.
Qaynarinfo-nun məlumatına görə, 1978-ci ildə Göyçay şəhərində anadan olmuş F.Y.-nın Cinayət Məcəlləsinin 177.2.2, 177.2.5 və 180.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.
Məlum olub ki, F.Y gecə saat 00:30 radələrində Göyçay şəhərində evlərdən birinin giriş qapısında qıfıl olmadığını görüb və evdə heç kimin olmadığını bildiyi üçün hasardan aşaraq həyətə daxil olub. 650 manat dəyərində əmlakı oğurlayan zaman dəmir qapı açılıb və həyətə 4 nəfər (bir qadın, üç kişi) daxil olub. Həmin şəxslərin onu görməməsi üçün soyuducunun içinə girərək gizlənib. Yaşlı qadın soyuducunun qapısını açan zaman onu görüb və qışqırıb. Bu zaman qadının ürəyi gedib. Kişilər onu tutub saxlasa da, qadının ürəyinin getməsindən istifadə edədək qaça bilib.
Təqsirləndirilən şəxs növbəti oğurluğunu Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, “Dakar” dairəsinin yaxınlığında törədib. O, həmin yerdə piyada gedən V.C. adlı hicablı bir qadının gödəkçəsinin cibindən 3500 manat dəyərində telefonun oğurlayıb.
Soyğunçuluqla məşğul olan şəxs Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən “8-ci kilometr bazarı”nda Q.X. adlı şəxsin də 2000 manatlıq telefonunu oğurladıqdan sonra saxlanılıb.
Məhkəmənin hökmü ilə F.Y. 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.









